YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türkiyənin səfiri: Heydər Əliyev kimi tarixi şəxsiyyətlər nadir hallarda dünyaya gəlirlər

“Azərbaycan, Türkiyə və Gürcüstanın dövlət və hökumət rəsmiləri, ictimai təşkilatları dəfələrlə Tbilisidə tədbirlər keçiriblər. Siyasət, iqtisadiyyat, mədəniyyət və digər sahələrlə əlaqəli olan o tədbirlərin heç birində siyasətçilərin, elm və mədəniyyət xadimlərinin, diplomatların birgə iştirakını görməmişdik. Heydər Əliyevin anım günü ilə əlaqədar Tbilisidə, Gürcüstan Milli Elmlər Akademiyasında keçirilən mərasimdə isə biz bu insanların hamısının iştirakını gördük. Böyük siyasi xadim Heydər Əliyev ölümündən sonra da bizi bir yerə toplaya bildi. Bu, çox nadir hadisədir”.

Bu sözləri Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazgan söyləyib.

Diplomat vurğulayıb ki, Heydər Əliyev keçmiş sovetlər dövründə bu regionun coğrafiyasını, insanların ruhunu dərindən bilən çox nadir liderlərdəndir.

Səfir daha sonra deyib: “Tarixə nəzər salsaq görərik ki, çox çətin, qaranlıq bir dövrdə Heydər Əliyev, onunla bərabər Süleyman Dəmirəl və Eduard Şevardnadze bizim xalqlarımız üçün olduqca vacib qərarlar qəbul ediblər. Onlar Azərbaycan, Türkiyə və Gürcüstanın birgə iştirakı ilə Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzrum qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu kimi irimiqyaslı layihələrin reallaşdırılması ideyasını irəli sürüblər. Bu, o dövr üçün ağlasığmaz və mümkünsüz ideyalar idi. Lakin başda Heydər Əliyev olmaqla bu liderlər ideyanı həyata keçirə bildilər. Bu gün biz görürük ki, onların göstərdikləri fədakarlıqlar bizim üçün geniş imkanlar yaradıb. Bu gün biz həmin layihələrdən bəhrələnirik, iİnsanlarımız xoşbəxtdirlər. Gürcüstan və gürcü xalqı da bunu yaxşı bilir. Bugünkü tədbirdə elm adamları ilə yanaşı, siyasətçilərin, iqtisadçıların, mədəniyyət və digər sahələrin nümayəndələrinin iştirakı bunu bir daha sübut edir”.

“Heydər Əliyev kimi tarixi şəxsiyyətlər nadir hallarda dünyaya gəlirlər. Onlar özlərindən sonra da zəngin miras qoyub gedirlər. Biz də bu mirasa sahib çıxmalıyıq və çıxırıq da”, – deyə səfir vurğulayıb.