Xəbərlər
Vyanada “Əbədi ezamiyyət” sənədli filminin təqdimatı olub
Dekabrın 12-də Vyana şəhərinin mərkəzində yerləşən “Urania” kinoteatrında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə “Əbədi ezamiyyət” sənədli filminin nümayişi təşkil olunub.
Ölkəmizin Avstriyadakı səfirliyi və Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutan təqdimatda Vyanada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Avstriyanın dövlət qurumlarının təmsilçiləri, bu ölkədə yaşayan soydaşlarımız və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Filmin ideya rəhbəri, tanınmış diplomat Ramiz Abutalıbov və filmdə Məhəmməd Məhərrəmov rolunu canlandıran rejissor Tahir Əliyev tədbirə fəxri qonaq qismində qatılıblar.
Tədbirdə çıxış edən ölkəmizin Avstriyadakı səfiri Qalib İsrafilov Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə və onun beynəlxalq ictimaiyyət tərəfindən tanınmasında əvəzsiz xidmətləri olmuş şəxslərin fəaliyyətinə nəzər salıb. Qeyd edilib ki, 1919-cu ilin yanvarında parlamentin sədri Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə Paris Sülh Konfransına yola düşən nümayəndə heyəti bir daha Vətənə qayıda bilməyib, qısamüddətli səfər ömürlük ezamiyyətə çevrilib.
Vurğulanıb ki, Azərbaycan Xalq Cümhuriyyəti süqut etsə də, milli azadlıq ideyasını Azərbaycan xalqının qəlbindən silmək mümkün olmayıb. 1990-cı illərin əvvəllərində müstəqilliyini bərpa edən Azərbaycan xalqı ölkənin müqəddəratı naminə müdrik addım ataraq, dahi rəhbər Heydər Əliyevi yenidən hakimiyyətə dəvət edib. Bu gün vəfatından 15 il ötən ümummilli lider Heydər Əliyevin uzaqgörən və strateji siyasəti nəticəsində Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyub.
Sənədli filmin ideya müəllifi, görkəmli diplomat, Azərbaycan Xalq Cümhuriyyəti tarixinin araşdırıcısı Ramiz Abutalıbov çıxışında filmin yaranma tarixçəsindən və əsas məfkurəsindən bəhs edib. Qeyd olunub ki, bədii çalarlarla zəngin sənədli filmdə Paris Sülh Konfransına göndərilən nümayəndə heyətinin hər bir üzvü bir aktyor tərəfindən canlandırılıb. Hələ Parisdə UNESCO-da işlədiyi dövrdə nümayəndə heyətinin həyatda olan yeganə üzvü Məhəmməd Məhərrəmov ilə şəxsən tanış olduğunu qeyd edən R.Abutalıbov filmdə Azərbaycan siyasi mühacirətinin bu görkəmli şəxsiyyətinin obrazının tanınmış rejissor Tahir Əliyev tərəfindən canlandırıldığını deyib.
Bildirilib ki, Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən hazırlanan “Əbədi ezamiyyət” sənədli filminin baş prodüseri Arzu Əliyevadır. Bakı, Tbilisi, Moskva və Parisin arxivlərində saxlanılan sənədlər, eləcə də o dövrün kinoxronikası əsasında hazırlanan filmdə nümayəndə heyətinin gərgin əməyi və Azərbaycanın müstəqilliyi uğrunda apardığı mübarizənin tarixi əks olunub.