Xəbərlər
Çində Ulu Öndərin xatirəsi anılıb
Xalqımızın ümummilli lideri, görkəmli siyasətçi Heydər Əliyevin xatirəsi Azərbaycanın Çin Xalq Respublikasındakı səfirliyində anılıb.
Ulu Öndərin səfirlikdəki büstü önünə əklil qoyulub, dahi liderin xatirəsi bir dəqiqəlik sükuta yad edilib.
Səfir Əkrəm Zeynallı çıxış edərək ümummilli lider Heydər Əliyevin müasir Azərbaycanın qurulması və inkişafındakı əvəzsiz xidmətlərindən söz açıb. Bildirib ki, görkəmli dövlət xadimi Heydər Əliyev siyasi müdrikliyi və uzaqgörənliyi, böyük idarəçilik istedadı ilə Azərbaycanı çətin siyasi vəziyyətdən xilas edərək, işıqlı gələcəyə gedən yola çıxarıb. Xalqın həqiqi liderinə çevrilən Heydər Əliyev elə xalqın dəstəyi ilə Azərbaycanı yenidən qura bildi.
Ulu Öndərin dünyada da böyük nüfuza malik olduğunu bildirən səfir Ə.Zeynallı deyib ki, bir çox ölkənin başçısı mürəkkəb məsələlərlə bağlı ondan tövsiyə və məsləhət alırdılar.
Bildirilib ki, Ulu Öndərin layiqli davamçısı olan Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan hərtərəfli inkişafı ilə dünyada diqqət çəkir. Ümummilli Liderin ideya müəllifi olduğu irimiqyaslı enerji və nəqliyyat layihələrinin icrası ilə regionda lider dövlət çevrilən Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır. Azərbaycan beynəlxalq miqyaslı idman yarışlarına, festivallara, qlobal forumlara, nüfuzlu tədbirlərə ev sahibliyi edir. Bütün bunlara isə ölkəmizdə Heydər Əliyev yolunun uğurla davam və inkişaf etdirilməsi nəticəsində nail olunub.