Xəbərlər
Azərbaycanın xarici işlər naziri Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ilə görüşüb
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in 25-ci Nazirlər Şurası çərçivəsində Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, nazir Elmar Məmmədyarov Aİ-nin xüsusi nümayəndəsini Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə ATƏT-in Minsk qrupunun həmsədrləri və Ermənistan xarici işlər naziri ilə baş tutmuş son görüş barədə məlumatlandırıb. O, münaqişənin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə, Helsinki Yekun Aktına uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll edilməli olduğunu bildirərək, güc tətbiq edərək dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsi və ərazi əldə edilməsi cəhdlərinin qəbuledilməz olduğunu vurğulayıb.
Nazir Elmar Məmmədyarov Aİ-nin münaqişənin həllinə, o cümlədən işğalçı Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılması və yüz minlərlə azərbaycanlı məcburi köçkünün öz yurd-yuvalarına qayıtmasına dəstəyinin olduqca faydalı olduğunu bildirib.
Həmçinin xüsusi nümayəndənin bölgəyə nəzərdə tutulan növbəti səfəri müzakirə edilib və yaxın gələcəkdə Aİ rəsmisi ilə Bakıda görüşmək arzusu ifadə olunub.