Xəbərlər
Mirzəcan Xəlilov: Ölkəmizdə sənaye parklarının yaradılması artıq öz səmərəsini verir
“Son illərdə ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət sayəsində Azərbaycanın qazandığı uğurlardan söhbət açarkən sənaye sektorunda istehsalın genişlənməsini xüsusi qeyd etmək lazımdır. Davamlı siyasi və maddi dəstək tədbirlərinin nəticəsi olaraq respublikamızda çoxlu sayda yeni müəssisələr açılıb və ölkənin sənaye xəritəsi əhəmiyyətli dərəcədə zənginləşib”. Bu fikirləri yap.org.az saytına Milli Məclisin deputatı Mirzəcan Xəlilov deyib.
M.Xəlilov bildirib ki, hazirda sənaye sektoru milli iqtisadiyyatımızın aparıcı istiqamətlərindən biri qismində çıxış edir. Xüsusilə ölkəmizdə qeyri-neft sənayesinin üstün inkişafının təmin edilməsi məmnunluq doğurur.
“Əlamətdar haldır ki, son illərdə bir sıra mühüm mövqelər üzrə daxili tələbat sırf yerli müəssisələrdə buraxılan yüksəkkeyfiyyətli məhsullar hesabına təmin edilir ki, bu da daha çox həcmdə valyutanın xaricə axınının qarşısının alınması deməkdir. Son illər Azərbaycanda bir neçə sənaye parkı yaradılıb və hazırda onların genişləndirilməsi istiqamətində işlər davam etdirilir. Sənaye parklarının yaradılması ölkədə müasir sənaye quruculuğuna yeni təkan verib. Qeyd edim ki, ölkəmizdə Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq rezidentlərin sənaye parlarına investisiya yönəltmələri güclü şəkildə təşviq edilir. Sənaye parkları üçün infrastruktur təminatı bir qayda olaraq dövlət vəsaiti hesabına yaradılır. Bundan başqa, sənaye parklarının rezidentləri qeydiyyata alındığı gündən etibarən 7 il müddətinə mənfəət, əmlak və torpaq vergilərindən, eləcə də parka istehsal məqsədilə gətirilən texnika, texnoloji avadanlıqlar və qurğulara görə əlavə dəyər vergisindən, həmçinin gömrük rüsumundan azaddırlar. Sənaye parklarında rezidentlərin qeydiyyatı “bir pəncərə” sistemi ilə həyata keçirilir. İş adamları da yaradılan əlverişli şəraitdən, dövlət dəstəyindən maksimum dərəcədə bəhrələnməyə çalışırlar. Belə dövlət-özəl sektor əməkdaşlığının nəticəsidir ki, sənaye parklarının yaradılması artıq öz səmərəsini verir”-deyə, deputat qeyd edib.