Xəbərlər
Minsk qrupunun həmsədrləri qoşunların təmas xəttində monitorinq zamanı qarşı tərəfə keçəcəklər
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq oktyabrın 16-da Azərbaycan Respublikasının Qazax rayonunun Bala Cəfərli kəndinin yaxınlığındakı qoşunların təmas xəttində monitorinqin keçirilməsi planlaşdırılır.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle və Peter Svedberq keçirəcəklər.
Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Simon Tiller nəzarət edəcəklər.
Monitorinq zamanı ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi və ATƏT-in Minsk qrupunun həmsədrləri – İqor Popov (Rusiya) və köməkçisi Yelena Kravçenko, Pyer Andryu (Fransa), Ceyms Uorlik (ABŞ) və onun köməkçisi David Salvo oktyabrın 16-da təmas xəttinin qarşı tərəfinə keçməyi planlaşdırırlar.