Xəbərlər
Prezident İlham Əliyev V Bakı beynəlxalq teatr konfransının iştirakçılarına təbrik ünvanladı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev V Bakı beynəlxalq teatr konfransının iştirakçılarına təbrik ünvanladı.
Təbrikdə deyilir: “Sizi V Bakı beynəlxalq teatr konfransının açılışı münasibətilə salamlayır və konfransın işinə müvəffəqiyyətlər arzu edirəm.
Mədəniyyət bütün dövrlərdə insanların ünsiyyətinin başlıca vasitəsi və sivilizasiyalar arasında qarşılıqlı əlaqələrin etibarlı körpüsü olmuşdur. Bununla əlaqədar teatr sənəti də mənəviyyat və mədəni tərəqqi tarixi ilə daim dərin bağlılıqda təşəkkül tapmış və bədii-estetik fikrin zənginləşməsində həmişə mühüm rol oynamışdır.
XIX əsrin ikinci yarısından başlayaraq Azərbaycanda cərəyan edən və maarifçilik hərəkatını canlandıran ictimai-siyasi hadisələr ədəbiyyat, mədəniyyət və incəsənət sahələrində forma və məzmun dəyişikliklərinə yol açdı. Həmin dövr Azərbaycan teatrının inkişafı baxımından olduqca əlamətdardır. Böyük mütəfəkkir Mirzə Fətəli Axundzadə tərəfindən milli dramaturgiyanın təməlinin qoyulması ölkəmizdə xalq teatrının peşəkar teatr sənətinə çevrilməsi ilə nəticələndi. Ötən müddət ərzində dolğun fəaliyyət göstərmiş və əsl milli sərvətə çevrilmiş Azərbaycan teatrı bu gün də xalqımızın sosial-mədəni həyatında özünəməxsus layiqli yer tutur.
Məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, konfransın ölkəmizin paytaxtında “Azərbaycan teatrı 2009–2019-cu illərdə” Dövlət Proqramı çərçivəsində təşkili xoş bir ənənə halını almışdır. Dünyanın 40-dan çox ölkəsindən gəlmiş teatr xadimlərinin, mötəbər teatr qurumlarının rəhbərləri və təmsilçilərinin, teatr mütəxəssislərinin iştirakı bu konfransın artan nüfuzundan xəbər verir. Sürətli qloballaşma şəraitində müasir teatrın imkanları, qarşılaşdığı problemlər və gələcək inkişafının əsas istiqamətlərinə dair mövzularda səmərəli fikir mübadiləsi aparılacağına və birgə layihələr işlənib hazırlanacağına əminəm.
Ümidvaram ki, konfrans geniş müzakirələr yolu ilə yaradıcılıq məsələlərinin uğurlu həllinə müvəffəq olaraq ölkələrimiz və xalqlarımız arasında mədəni əməkdaşlığın dərinləşməsi və dostluq tellərinin möhkəmlənməsinə dəyərli töhfələr verəcəkdir.
Hər birinizə gələcək fəaliyyətinizdə nailiyyətlər diləyirəm.”