Xəbərlər
Sergey Lavrov: Artıq uzun illərdir ki, yalnız Ermənistan və Azərbaycan arasında birbaşa danışıqlar aparılır
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada keçirdiyi brifinqdə Qarabağ tərəfinin danışıqlar masası arxasına qayıtması barədə N. Paşinyanın bəyanatı ilə bağlı suala cavabında deyib: “Vaxtilə Qarabağın təmsilçiləri Bakı və Yerevan arasında danışıqlarda iştirak edirdilər. Ermənistan rəhbərliyinin təklifi ilə bu təcrübə dəyişdirildi və artıq uzun illərdir ki, yalnız Ermənistan və Azərbaycan arasında birbaşa danışıqlar aparılır”.
S.Lavrov bildirib: “Nikol Paşinyanın Dağlıq Qarabağ tərəfinin danışıqlar prosesinə cəlb olunmasının zəruriliyi haqqında dəfələrlə səsləndirdiyi fikirlərə gəldikdə, biz artıq bu bəyanatı şərh etmişik. Bu məsələni münaqişə tərəfləri özləri həll etməlidir. Vaxtilə Qarabağın təmsilçiləri Bakı və Yerevan arasında danışıqlarda iştirak edirdilər. Ermənistan rəhbərliyinin təklifi ilə bu təcrübə dəyişdirildi və artıq uzun illərdir ki, yalnız Ermənistan və Azərbaycan arasında birbaşa danışıqlar aparılır. Əlbəttə, biz başa düşürük ki, Yerevan danışıqlar prosesindəki mövqeyində Qarabağın məsələyə yanaşma tərzini nəzərə alır, lakin hazırda mövcud olan ikitərəfli formatı dəyişdirmək üçün tərəflərin hər ikisinin razılığı tələb olunur. Bildiyimiz qədər, bu cür razılaşma yoxdur və düzünü desək, mən Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasının mahiyyəti üzrə məsələlərin müzakirəsinə başlamaq üçün ilkin şərtlər irəli sürməzdim”.