YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ekspert: Dünya Bankının məşhur “Doing Business 2019” hesabatında Azərbaycan qlobal olaraq 25-ci olmaqla, MDB ölkələri arasında ən yaxşı göstəriciyə malikdir

“Dünya Bankının məşhur “Doing Business 2019” hesabatında Azərbaycan qlobal olaraq 25-ci olmaqla, MDB ölkələri arasında ən yaxşı göstəriciyə malikdir. Belə ki, həmin hesabatda Qazaxıstan 28, Belarus 37, Ermənistan 41, Moldova 47, Qırğızıstan 70, Ukrayna 71, Özbəkistan 76-cı, qonşu Türkiyə 46-cı yerdədir. Eyni zamanda Azərbaycan 2017 -2018-ci illərdə ən çox islahat aparan 10 ölkədən biridir”. Bu fikirləri İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov deyib.

V.Bayramov bildirib ki, aparılan islahatların sayı baxımından ölkəmiz sözügedən dövrdə birinci yerdədir. Belə ki, ölkəmiz 8 islahat aparıb, qonşu Türkiyə isə 7 islahatla 2-ci yerdə qərarlaşıb. Ölkəmizin mövqeyinin güclənməsi, qeyd etdiyimiz 8 islahatla bağlıdır. Bu həm Bakı şəhər İcra Hakimiyyətində inşaat üçün icazənin verilməsi ilə bağlı prosedurun sadələşdirilməsi, bir pəncərə sisteminin tətbiq edilməsi ilə bağlıdır. Bu sistemin tətbiq edilməsi praktiki olaraq daha qısa zamanda icazənin əldə edilməsinə şərait yaradır ki, bu da icazələrin sayının 80 gün, icazə üçün tələb olunan məbləğin 12 min 563 manat, təxminən 7500 dollar azalmasına gətirib çıxarıb.

Ekspert qeyd edib ki, digər islahat “ASAN Xidmət” vasitəsilə elektrik enerjisinə çıxış imkanlarının artırılması ilə bağlıdır ki, bu da məhz Azərbaycanın mövqeyinin sözügedən hesabatda möhkəmlənməsinə təsir edən faktlardan biridir.

V.Bayramov vurğulayıb ki, daşınmaz əmlakın qeydiyyatı prosesinin asanlaşdırılması, şəffaflığın gücləndirilməsi və daha asan prosedurların tətbiq edilməsi də, ölkəmizin mövqeyinin yaxşılaşdırılmasına daxil olan islahatlardan biridir: “Kreditə çıxış imkanlarının gücləndirilməsi, xüsusilə də kredit bürolarının yaradılması ölkəmizin mövqeyinə birbaşa təsir göstərir. O cümlədən investorların hüquqlarının qorunması ilə bağlı qaydaların təkmilləşdirilməsi, xüsusilə də kiçik payı olan səhmdarların hüquqlarının qorunması mexanizminin işlənməsi Azərbaycanda aparılan islahatlardan biridir. Vergi ödənişlərinin sadələşdirilməsi, asanlaşdırılması istiqamətində atılan addımlar da ölkəmizin mövqeyinə birbaşa təsir göstərib”.

Azərbaycanda xarici ticarət əməliyyatlarında yaşıl dəhlizin tətbiq edilməsinin ölkəmizin hesabatdakı mövqeyinin möhkəmləndirilməsinə xidmət etdiyini deyən iqtisadçı-ekspert deyib ki, müflisləşmə ilə bağlı prosedurların sadələşdirilməsi və əmək bazarında yeni qaydalar da ölkəmizin mövqeyinə birbaşa təsir edib: “ Praktiki olaraq Azərbaycan bu kontekstdən ötən il dünyada ən çox islahat aparan ölkə statusunu qoruyub saxlayıb. Eyni zamanda biz hesabata əsasən, Dünya Bankının qiymətləndirməsinə uyğun olaraq, ölkəmizin hesabatla bağlı mövqelərinə diqqət etsək, burada diqqəti çəkən məqamlardan biri biznesə başlamağa görə Azərbaycanın 9-cu yerdə, yəni ilk onluğa daxil olduğunu görərik. Burada tələb edilən günlərin sayı 3.5, tələb edilən xərc adambaşına düşən kapitalın 1.3 faizidir və minimum kapital tələb olunmur. Eləcə də daşınmaz əmlakın qeydiyyatına görə, Azərbaycan il 20-yə daxildir. Ölkəmiz bu göstərici üzrə 17-cidir. Tələb edilən prosedur 3, günlərin sayı 5.5-dir. Bu da təbii ki, ölkəmizin mövqeyinin möhkəmlənməsinin səbəblərindən biridir”.