Xəbərlər
Hadi Rəcəbli: Azərbaycanın dünyaya təqdim etdiyi nümunəvi inkişaf modeli spesifik cəhətləri ilə fərqlənir
“Son 15 ildə Azərbaycanın dünyaya təqdim etdiyi nümunəvi inkişaf modeli bir sıra spesifik cəhətləri ilə fərqlənir”. Bu fikri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.
H.Rəcəbli bildirib ki, ölkəmizdə dərin islahatlar aparılması, investisiya təminatının gücləndirilməsi, müxtəlif təşviq tədbirlərinin həyata keçirilməsi ciddi uğurlarla müşaiyət olunur. Onun sözlərinə görə, respublikamızda iqtisadi və sosial inkişaf paralel şəkildə təmin edilir ki, bu da bütün ölkə miqyasında yüksək vətəndaş məmnunluğunu şərtləndirir.
“Güclü iqtisadiyyat və geniş maliyyə təminatları hər bir ölkənin inkişafının təməlində dayanan əsas faktordur. Prezident İlham Əliyevin siyasi iradəsi əsasında aparılan məqsədyönlü siyasət sayəsində respublikamız bütün istiqamətlərdə böyük uğurlar qazanıb. Azərbaycan əsas daxili inkişaf parametrləri, o cümlədən makroiqtisadi sabitlik, sosial təminat sisteminin dinamikası, müsbət demoqrafik vəziyyət, miqrasiya və urbanizasiya proseslərinin dövlətin nəzarəti altında saxlanması, dövlət idarəçiliyinin effektivliyi və digər göstəricilər üzrə region ölkələri içərisində liderliyini möhkəmləndirib. Ötən dövrdə ölkəmizin mənzərəsi müvafiq Dövlət proqramlarına uyğun olaraq bütün regionların tarazlı şəkildə inkişaf etdirilməsi, genişməzmunlu islahatların həyata keçirilməsi, müxtəlif istiqamətlər üzrə strateji yol xəritələrinin qəbul edilərək reallaşdırılması və bu kimi digər müsbət meyillərlə səciyyələnib. Bu gün respublikamızın Cənubi Qafqazın ən güclü iqtisadiyyatına malik ölkəsinə çevrilməsi son dərəcə qürurverici haldır. Eyni zamanda, regionda bütün qlobal əhəmiyyətli enerji və nəqliyyat layihələri məhz Azərbaycanın moderatorluğu ilə reallaşdırılır”-deyə, komitə sədri vurğulayıb.