Xəbərlər
İnam Kərimov: Əsas vəzifə məhsuldarlığın artırılması hesabına rəqabətqabiliyyətliliyin və ərzaq təhlükəsizliyinin təmin edilməsidir
Kənd təsərrüfatı sahəsində hazırda ən başlıca vəzifə məhsuldarlığın artırılması hesabına rəqabətqabiliyyətliliyin və ərzaq təhlükəsizliyinin təmin edilməsidir. Bu isə bütün istiqamətlərdə innovativ istehsal və idarəetmə texnologiyalarının, müasir və mütərəqqi metod və həllərin geniş tətbiqini tələb edir.
Bunu kənd təsərrüfatı naziri İnam Kərimov 1 noyabr – Kənd Təsərrüfatı İşçiləri Günü münasibətilə deyib.
Nazir bildirib ki, aqraryönümlü elmi müəssisələrin təminatının gücləndirilməsi, innovativ yeniliklərin fermerlərə çatdırılması, bu qurumların məsləhət xidmətləri şəbəkəsinə çevrilməsi istiqamətində institusional islahatlar aparılaraq Aqrar Elm və İnnovasiya Mərkəzi formalaşdırılıb.
“Hazırda aqrar elmin modernləşdirilməsi üzrə islahatlar davam etdirilir. Bu islahatlar çərçivəsində bütün elmi-tədqiqat institutlarının inzibati-laboratoriya binalarının əsaslı təmiri başa çatdırılıb. İnstitutlarda müasir avadanlıqlarla təchiz olunmuş torpaq, bitki və su analizi üzrə aqroekologiya və aqrokimya, genetika və seleksiya, ilkin toxumçuluq və tingçilik, xəstəlik və zərərvericilərə nəzarət laboratoriyaları yaradılıb, istixana və toxum emalı məntəqələri tikilib, müasir və məhsuldar meyvə bağları salınıb. Elmi-tədqiqat institutlarında yaradılan potensial hesabına istehsalçılar yüksək məhsuldarlığa malik toxum və tinglərlə təmin ediləcək”, - deyə nazir vurğulayıb.
İnam Kərimov, həmçinin qeyd edib ki, fermerlərin yüksək kondisiyalı və məhsuldar buğda, arpa və qarğıdalı toxumları ilə təmin edilməsi məqsədilə Xaçmaz, Şəki, Ağcabədi, Qobustan və Tovuz rayonlarında dənli bitki toxumlarının emalı müəssisələri qurulur.