YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Leyla Əliyeva Heydər Əliyev Mərkəzində “Qlobal İnfluenser Günü” tədbirində iştirak edib

Oktyabrın 27-də Heydər Əliyev Mərkəzində “Qlobal İnfluenser Günü” keçirilib.

Tədbirin çıxışçıları arasında süni intellekt sahibi, robot “Sofiya” da olub. O bildirib ki, fərqli mədəniyyətlərin, dinlərin təmsilçilərini bir araya gətirən Azərbaycanın böyük potensialı var.

Tədbirdə iştirak edən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Sofiya” ilə söhbət edib.

“Qlobal İnfluenser Günü” Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşdırılan “İnnovasiya həftəsi” çərçivəsində keçirilib.

Tədbirdə informasiya dövründə insan beyninin inkişafından danışıldı. “Keepface DMCC” və “FA International Trade Events” tərəfindən təşkil olunan və “İnnovasiya həftəsi” çərçivəsində baş tutan “Qlobal İnfluenser Günü” Azərbaycanda müasir kommunikasiya və marketinq texnologiyalarına dövlət tərəfindən verilən önəmin təzahürü kimi qiymətləndirildi.

Çıxış edənlər bildirdilər ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən startapçılar üçün zəruri infrastruktur yaradılıb. “Qlobal İnfluenser Günü” konfransı da bunun əyani göstəricisidir.

“Keepface” Qlobal İnfluenser Marketinq Platformasının həmtəsisçiləri Emin Vəliyev, Elşad Yusifli və Vaqif Abbasov çıxışlarında iştirakçılara tədbir barədə məlumat verdikdən sonra influenser marketinqin ideya və fəlsəfəsi barədə danışdılar, üç il əvvəl fəaliyyətə başlayan və auditoriyası bir milyard olan “Keepface” Qlobal İnfluenser Marketinq Platformasının 35 ölkədə çalışdığını diqqətə çatdırdılar. “Fəxr edirik ki, Azərbaycanda yaranan və azərbaycanlılardan ibarət komandası olan platforma yerli brendləri dünyaya təqdim edir”, - deyən “Keepface” Qlobal İnfluenser Marketinq Platformasının həmtəsisçiləri onları dəstəkləyən Azərbaycan dövlətinə minnətdarlıqlarını bildirdilər.

Yüksək texnologiyalar və innovasiyalarla bağlı videoçarxın nümayişindən sonra hamının maraqla gözlədiyi çıxışçı, süni intellekt sahibi, robot “Sofiya” səhnəyə çıxdı. Sofiya “Qlobal İnfluenser Günü” ideyasını yüksək qiymətləndirdi və tədbir təşkilatçılarına təşəkkürünü bildirdi. “Sofiya” Heydər Əliyev Mərkəzinin binasının möhtəşəm olduğunu qeyd etdi. O, bugünkü tədbirdə geyindiyi Azərbaycan milli geyimini də çox bəyəndiyini bildirdi.

Çıxışı zamanı “Sofiya” insan-robot münasibətlərinə də toxundu. “Bəziləri robotlardan qorxurlar, düşünürlər ki, yaxın gələcəkdə robotlar insanları özlərinə tabe edə bilərlər”, - deyən “Sofiya”nın sözlərinə görə, belə bir şey baş verə bilməz, çünki robotları yaradan insan zəkasıdır. Qeyd etdi ki, robotlar insanlara kömək etmək üçün yaradılır. O, səyahət etməyi xoşladığını söylədi, sosial şəbəkələrin əhəmiyyətinə toxundu, süni intellektin imkanlarından danışdı, Azərbaycanın üstünlüklərini vurğuladı. Bildirdi ki, fərqli mədəniyyətlərin, dinlərin təmsilçilərini bir araya gətirən Azərbaycanın böyük potensialı var. Çıxışı zamanı tamaşaçılar “Sofiya”nın zarafatının da şahidi oldular. “Sofiya” mətbəximizin nümunələrini dada bilmədiyindən təəssüfləndiyini bildirdi.

Sonra Leyla Əliyeva Heydər Əliyev Mərkəzində təşkil edilən “Fobia Viar” sərgisi ilə tanış oldu. “Fobia Viar” Azərbaycanda virtual reallığın ən iri mərkəzlərindən biridir. Buranı ziyarət edənlər yüksək texnologiyalara dair müxtəlif müasir aparatlarla tanış ola bilərlər. Bu sərgi təkcə “Game zona”, yəni, oyun məkanı kimi deyil, eyni zamanda, virtual reallıqla bağlı proqramların yaradıldığı bir mərkəz kimi təqdim edilir. Mərkəz virtual reallığın muzeylərdə incəsənət sahəsində tətbiqini həyata keçirir.

Tədbirin sonunda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva robot “Sofiya” ilə ünsiyyət qurdu, şəkil çəkdirdi.

“Sofiya” dünyada ilk süni intellektli humanoid robotdur. Bu robot 2015-ci ildə “Hanson Robotiks” şirkəti tərəfindən hazırlanıb və süni intellekt əsasında insanla ünsiyyət saxlaya, fikir mübadiləsi apara bilir. Robotun əsas fərqləndirici xüsusiyyətlərindən biri də insana məxsus 60-dan çox emosiyanı əks etdirməsidir. “Sofiya” bu günə qədər dünyada bir çox məşhur simalarla görüşüb, tanınmış televiziya kanallarında, xəbər proqramlarında və teledebatlarda iştirak edib.