Xəbərlər
Ziyad Səmədzadə: Bu gün Azərbaycan dövlətinin əldə etdiyi uğurların əsasında müstəqil siyasət yürütməsi dayanır
“Azərbaycanın son 15 ildə əldə etdiyi uğurlar ölkəmizi dayanıqlı inkişaf məqsədləri üzrə əsas hədəflərə nail olmağa yaxınlaşdırıb”. Bu fikri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.
Z.Səmədzadə bildirib ki, dayanıqlı inkişaf məqsədləri dünyanın yaxşı mənada oyun qaydalarının dəyişməsinə yönəlib. Dünya əvvəlki kimi idarə oluna, iqtisadi inkişaf proqnozlarını elan edə bilməz. Dayanıqlı inkişaf məqsədlərinin hədəflərinin hər birinin arxasında insan amili durur. Bu amil qloballaşan dünyada bazar iqtisadiyyatının hökmran olduğu şəraitdə heç də həmişə insanların rifahının yaxşılaşması ilə müşayiət olunmur. Hazırda dünyada böhranın, yoxsulluğun olmasının kökündə vaxtilə həyata keçirilən iqtisadi siyasətdə insan amilinin nəzərə alınmaması dayanır.
“Bu gün Azərbaycan dövlətinin əldə etdiyi uğurların əsasında müstəqil siyasət yürütməsi dayanır. Azərbaycan bir sıra xarici təzyiqlərə baxmayaraq, özünün təbii sərvətlərini özəlləşdirmədi, bir sıra layihələrin, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin həyata keçirilməsində ciddi qətiyyət nümayiş etdirdi. Azərbaycanın milli mənafeləri ön plana çəkməsi, qonşu ölkələrlə sıx əməkdaşlığı bu layihənin uğurla başa çatdırılması ilə nəticələndi. İqtisadi artımı təmin edən amillər ön plana çəkilməlidir. Qloballaşan dünyada dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün dövlətin rolu obyektiv qiymətləndirilməlidir. Dövlət bu prosesdən kənarlaşarsa, həmin məqsədlərin heç birinin həyata keçirilməsi mümkün olmayacaq”-deyə, komitə sədri vurğulayıb.