YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Əhmədov: Dayanıqlı inkişaf məqsədlərini həyata keçirməklə biz öz gələcəyimizi daha işıqlı və firavan etməliyik

Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının, İqtisadiyyat Nazirliyinin və Birləşmiş Millətlər Təşkilatının ölkə üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilən Dayanıqlı İnkişafa dair Bakı Forumunun sonuncu - beşinci sessiyasının iştirakçıları "Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi üçün təmiz su təchizatı, o cümlədən iqlim dəyişikliyi və onun təsirləri ilə mübarizə aparmaq üçün əməkdaşlığın gücləndirilməsi" mövzusunda müzakirələr aparıblar.

Sessiyanın moderatoru, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov, Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədr müavini Nurəli Yusifbəyli, BMT-nin Məskunlaşma (UN-Habitat) proqramının regionlararası məsləhətçisi xanım Katya Şafer, Cenevrə Universitetinin professoru, Qlobal ətraf mühit siyasəti proqramının direktoru Aleksandr Hedcazi,  "Azərsu" ASC-nin Sukanal Elmi-Tədqiqat və Layihə İnstitutunun direktoru Fərda İmanov çıxış ediblər.

Çıxışlardan sonra Forumun bağlanış mərasimi keçirilib.

Bağlanış mərasimində çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov bildirib ki, iki gün ərzində Azərbaycanda keçirilən iki mühüm forumda – VI Bakı Beynəlxalq Humanitar Forumunda və Dayanıqlı İnkişafa dair Bakı Forumunda olduqca səmərəli müzakirələr aparıldı, faydalı təkliflər irəli sürüldü. Əli Əhmədov forumların iştirakçılar üçün maraqlı olduğuna əminliyini bildirərək qeyd edib ki, dayanıqlı inkişaf məqsədlərini həyata keçirməklə biz öz gələcəyimizi daha işıqlı və firavan etməliyik. Bunun əksi hamıya məlumdur. Ona görə də bütün bəşəriyyət dünyamızı DİM-ə uyğun olaraq 2030-cu ilə qədər yaxşılaşdırmaq üçün addımlar atmağa sadəcə məhkumdur.

Baş nazirin müavini vurğulayıb ki, bu gün dünya ciddi addımlar atılmasa çox ağır durumla qarşılaşacaq səviyyəyə gəlib çatıb. Ona görə də bütün dövlətlər öz səylərini birləşdirməlidir. Vaxt az qalıb, qalan vaxtdan istifadə edib dünyamızı dəyişdirməyə nail ola biləcəyik.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai Forumda DİM-ə nail olunması istiqamətində səmərəli müzakirələrin apardığını vurğulayıb. O, "gənc səfirlər"in təqdim edilməsinin və mükafatlandırılmasının tədbirin ən yaddaqalan anlarından olduğunu diqqətə çatdırıb. Qulam İshaqzai Forumun yekununda Bakı prinsiplərinin qəbul edilməsinin əhəmiyyətini xüsusi vurğulayıb və bu sənədin DİM-ə nail olunması prosesində mühüm rol oynayacağına əminliyini bildirib.

Tədbirin yüksək səviyyədə təşkil olunduğunu vurğulayan Q.İshaqzai Azərbaycan hökumətinə və İqtisadiyyat Nazirliyinə minnətdarlığını bildirib.

Forumun yekununda DİM-in milli səviyyədə inteqrasiyası və icrasının sürətləndirilməsinə dair Bakı prinsipləri qəbul edilib.

Bununla da Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının, İqtisadiyyat Nazirliyinin və Birləşmiş Millətlər Təşkilatının ölkə üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilən Dayanıqlı İnkişafa dair Bakı Forumu başa çatıb.