Xəbərlər
Prezident İlham Əliyev ISESCO-nun baş direktorunu qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 25-də ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycrini qəbul edib.
Prezident İlham Əliyev ISESCO-nun baş direktoruna Forumda iştirakına və məzmunlu çıxışına görə təşəkkür etdi.
Əbdüləziz bin Osman əl-Tuveycri Bakı Humanitar Forumunun beynəlxalq əhəmiyyətindən bəhs edərək bildirdi ki, bu Forum çox gözəl və səmərəli nəticələri olan platformadır.
Görüşdə Azərbaycan ilə ISESCO arasında uzun illər ərzində uğurlu, səmərəli əməkdaşlığın qurulduğu qeyd edildi, əlaqələrin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olundu.
Prezident İlham Əliyev ISESCO-nun Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın ədalətli mövqeyinə davamlı dəstəyinə görə minnətdarlığını bildirdi.
Əbdüləziz bin Osman əl-Tuveycri Azərbaycanın ISESCO-nun baş konfransına rəhbərlik etdiyi 3 ilə dair baş direktorun hesabatı barədə dövlətimizin başçısına məlumat verdi. Bildirdi ki, ölkəmizin qurumun baş konfransına rəhbərlik etdiyi dövrdə həyata keçirilən uğurlu işlər bu hesabatda əksini tapıb.