Xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev BMT baş katibinin müavini ilə görüşüb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 25-də BMT baş katibinin müavini Rəşid Xalikov ilə görüşüb.
BMT-nin baş katibi Antonio Quterreşin salamlarını və xoş arzularını dövlətimizin başçısı İlham Əliyevə çatdıran Rəşid Xalikov Bakı Humanitar Forumunun əhəmiyyətindən bəhs etdi, bu tədbirin beynəlxalq əməkdaşlığa mühüm töhfələrindən danışdı.
Prezident İlham Əliyev BMT baş katibinin müavini Rəşid Xalikovun Forumda iştirakına və çıxışına görə minnətdarlığını bildirdi. Dövlətimizin başçısı İlham Əliyev Rəşid Xalikovun Forumda iştirakının və çıxışının BMT-nin bu tədbirə böyük önəm verməsinin göstəricisi olduğunu vurğuladı.
Azərbaycan Prezidenti baş katib Antonio Quterreş ilə ötən il BMT Baş Assambleyası çərçivəsində görüşünü məmnunluqla xatırladı.
Dövlətimizin başçısı BMT baş katibinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarının Antonio Quterreşə çatdırılmasını xahiş etdi.
Görüşdə Azərbaycan ilə BMT arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirildi, əlaqələrin perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.