Xəbərlər
Rasim Əliquliyev: Müasir dövrdə biliklər cəmiyyətinin qurulmasında gənclər böyük rol oynayır
“Ölkəmizdə informasiya texnologiyaları sahəsində insan resurslarının əsasını gənclər təşkil edir”. Bu fikri AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev deyib.
R.Əliquliyev bildirib ki, hazırda gənc nəslin müasir informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə imkanları geniş təşviq olunur. Onun sözlərinə görə, müxtəlif sahələrdə çalışan, yaradıcı və intellektual fəaliyyətlə məşğul olan gənclərin sayının artırılmasına böyük önəm verilir.
“Müasir dövrdə biliklər cəmiyyətinin qurulmasında gənclər böyük rol oynayır. Son 15 il ərzində ölkəmizdə İKT sahəsində əldə olunan nailiyyətlər əhəmiyyətli dərəcədə artıb. Kompüter elmləri üzrə nəşr olunan məqalələrin sayına görə Azərbaycan Cənubi Qafqaz ölkələri arasında ön sıradadır. Ölkəmizdə informasiya təhlükəsizliyi sahəsinin önəmini nəzərə alaraq bu istiqamətdə ali məktəblərə qəbulun 7 dəfə artırılması informasiya texnologiyaları üzrə kadrların yetişdirilməsinə göstərilən diqqətin bariz nümunəsidir. AMEA-nın da əsas hədəflərindən biri gənclərin elmi və təşkilati fəaliyyətinə dəstək vermək, onları müasir dövrün tələbləri səviyyəsində yüksəkixtisaslı peşəkar kadr kimi yetişdirməkdir”-deyə, akademik vurğulayıb.