Xəbərlər
Çikaqo şəhərinin meri Azərbaycanın Müstəqillik Günü ilə əlaqədar proklamasiya imzalayıb
Çikaqo şəhərinin meri Ram Emanuel Azərbaycanın Müstəqillik Günü ilə əlaqədar proklamasiya imzalayıb.
ABŞ Azərbaycanlıları Şəbəkəsinin, ABŞ-ın Orta Qərb ştatları üzrə Azərbaycan Mərkəzinin üzvlərinə və bütün dünya azərbaycanlılarına ünvanlanmış proklamasiyada 1991-ci il oktyabrın 18-də Azərbaycanın müstəqilliyinin bərpa olunması faktı qeyd edilir. Proklamasiyada, həmçinin Azərbaycanın coğrafi mövqeyi haqqında məlumat verilir, vurğulanır ki, Naxçıvan Muxtar Respublikası və Dağlıq Qarabağ regionu da daxil olmaqla Azərbaycan Respublikasının ərazisinin sahəsi 33.440 kvadratmilə bərabərdir. Sənəddə xüsusi qeyd edilir ki, Amerika Birləşmiş Ştatları Azərbaycan Respublikasının ərazi bütövlüyünü, suverenliyini və dövlət müstəqilliyini qeyd-şərtsiz tanıyır.
Sənəddə bildirilir ki, Azərbaycan Xəzər regionunda ABŞ-ın müttəfiqi və strateji tərəfdaşı kimi, Azərbaycan hərbi qulluqçularının Kosovoda, İraqda və Əfqanıstan sülhyaratma missiyalarında iştirakını təmin edib, nüvə təhlükəsinə qarşı mübarizədə iştirak edib, beynəlxalq terrorizmin qarşısının alınmasına kömək edib, NATO ilə əməkdaşlıq edib, ABŞ-ı və Avropadakı müttəfiqlərini neft və qazla təmin edir, BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olub.
Çikaqo şəhərinin meri Ram Emanuel Azərbaycanın Müstəqilliyi Gününün 27-ci ildönümünün bütün dünyada milyonlarla azərbaycanlı tərəfindən bayram edilməsini və Qafqazda azadlıq və demokratiya ideyalarının yayılmasına Azərbaycan Respublikasının banilərinin verdikləri töhfəni nəzərə alaraq, 18 oktyabr 2018-ci ili İllinoys ştatında Azərbaycanın Müstəqilliyi Günü elan edib.
Proklamasiya ABŞ Azərbaycanlıları Şəbəkəsi və İllinoysda yaradılmış ABŞ-ın Orta Qərb ştatları üzrə Azərbaycan Mərkəzi tərəfindən hər il keçirilən kampaniyanın gedişində Çikaqo Azərbaycan icmasının fəallarına təqdim edilib.