Xəbərlər
Astanada keçiriləcək EKSPO-2017 sərgisində Azərbaycanın iştirakına dair müzakirələr aparılıb
Azərbaycan Respublikasının energetika naziri Natiq Əliyev ölkəmizdə səfərdə olan Qazaxıstan xarici işlər nazirinin birinci müavini, EXPO-2017 beynəlxalq ixtisaslaşdırılmış sərgisinin komissarı Rapil Joşıbayevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Energetika Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə energetika naziri N.Əliyev Azərbaycan ilə Qazaxıstanın müstəqilliklərini bərpa etdikdən sonra böyük inkişaf yolu keçdiyini, hazırda iki ölkə arasında siyasi və iqtisadi əlaqələrin yüksək səviyyədə olduğunu deyib.
Bildirilib ki, əlaqələrin inkişafında Azərbaycan-Qazaxıstan hökumətlərarası iqtisadi komissiyası təqdirəlayiq fəaliyyət göstərir.
Görüşdə Astanada keçiriləcək EKSPO-2017 Beynəlxalq Sərgisinin təşkili və keçirilməsi ilə əlaqədar məsələlər ətrafında müzakirələr aparılıb. R.Joşıbayev sərgiyə hazırlıq işlərinin gedişi barədə Azərbaycan və Qazaxıstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın sədri, Azərbaycanın energetika naziri Natiq Əliyevi məlumatlandırıb. Bildirilib ki, bu böyük tədbirin hazırlanması, təşkili və keçirilməsi ilə əlaqədar xüsusi komissiya yaradılıb.
Qeyd edilib ki, sərginin Astanada keçirilməsi təkcə Qazaxıstanın deyil, bütün regionun inkişafına təkan verəcək.
Görüşdə Azərbaycanın bu mötəbər beynəlxalq tədbirdə iştirakına dair müzakirələr aparılıb və təkliflər səsləndirilib. Həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.