Xəbərlər
Vahid Əhmədov: Azərbaycan iqtisadi cəhətdən tam müstəqil ölkədir
«Bu ilin 9 ayının yekunlarına görə Azərbaycan iqtisadiyyatına 19 milyard dollar investisiya yatırılıb. Bunun da təxminən 11 milyardı daxili, 8 milyardı isə xarici investisiyaların payına düşür. Vaxt var idi ki, Azərbaycan sərmayə axtarışında idi, xarici bazarlara çıxmaq üçün yollar axtarırdı. Lakin indi Azərbaycan özü Gürcüstana, Türkiyəyə, İsveçə və digər dövlətlərə yatırımlar edir». Bu fikirləri Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov deyib.
V.Əhmədov bildirib ki, 19 milyard dolların 11 milyardının daxili investisiyaların payına düşməsi əsas vurğulanacaq məsələlərdən biridir. Onun sözlərinə görə, bu, ölkənin öz daxili resursları hesabına qoyulan sərmayələrdir.
«Bu investisiyalar da həm qeyri-neft sektorunun, həm də digər iri layihələrin həyata keçirilməsinə yönəlib. 2013-2014-cü illərdə Sumqayıtda, Gəncədə, o cümlədən Qaradağ rayonunda sənaye parklarının yaradılması məhz bu investisiyaların hesabına meydana gəlib. Bir məqamı xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycanın iqtisadi cəhətdən müstəqil bir dövlət olduğunu bəyan edib. Bu məsələ çox böyük əhəmiyyət kəsb edir. Çünki bir dövlət iqtisadi cəhətlərdən müstəqildirsə, deməli o özünün xarici siyasətini də müstəqil apara bilər»- deyə, komitə üzvü qeyd edib.