Xəbərlər
Prezident İlham Əliyev: Bakıda və bölgələrdə onlarla yeni uşaq bağçası tikilir və bu proses davam etdirilməlidir
Sosial infrastruktur layihələri arasında uşaq bağçalarının tikintisi sahəsində son illərdə böyük irəliləyiş olub.
Bu fikri Prezident İlham Əliyev oktyabrın 8-də Nazirlər Kabinetinin 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı yekun nitqində deyib. Prezident qeyd edib ki, bir neçə il bundan əvvəl uşaq bağçaları ilə təminat cəmi 17 faiz idi. Vaxtilə tikilmiş uşaq bağçaları ya yararsız vəziyyətə düşmüş, yaxud da özəlləşdirilmiş və onların yerində başqa obyektlər tikilmişdir. Bu, çox ciddi problem idi, bu gün də ciddi problem olaraq qalır.
Dövlətimizin başçısı diqqətə çatdırıb ki, bu istiqamətdə müəyyən tədbirlər həyata keçirilib və yalnız son iki-üç il ərzində uşaq bağçaları ilə təminat 17 faizdən 42 faizə qalxıb. Bakıda və bölgələrdə onlarla yeni bağça tikilir və bu proses davam etdirilməlidir. “Biz çalışmalıyıq ki, uşaq bağçaları ilə təminat 100 faiz olsun”, –deyə Prezident İlham Əliyev vurğulayıb.