Gündəm
Prezident İlham Əliyev: Bu gün Türkiyə-Azərbaycan əlaqələri ən yüksək zirvədədir
Bu gün Türkiyə-Azərbaycan əlaqələri ən yüksək zirvədədir. Məncə, dünyada ikinci belə nümunə yoxdur ki, iki ölkə bir-birinə bu qədər yaxın olsun, bu qədər bir-birinə arxa-dayaq olsun.
Bakı şəhərinin işğaldan azad edilməsinin 100 illiyinə həsr olunmuş paraddakı çıxışında bu barədə danışan Prezident İlham Əliyev Türkiyə-Azərbaycan birliyinin bütün sahələrdə özünü büruzə verdiyini bildirib. Dövlətimizin başçısı təkcə bu il Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla altı dəfə görüşdüyünü xatırladaraq deyib. “Bizim görüşlərimiz müntəzəm olaraq keçirilir və hər görüşün böyük əhəmiyyəti var. Siyasi əlaqələr bu gün ən yüksək zirvədədir. Biz uğurlu iqtisadi əməkdaşlıq edirik. Ticarət dövriyyəsi artır. Azərbaycandan Türkiyəyə, Türkiyədən Azərbaycana milyardlarla dollar həcmində sərmayə qoyulur”.
Prezident İlham Əliyev qeyd edib ki, bu gün Türkiyə və Azərbaycan arasında bütün sahələrdə, o cümlədən hərbi sahədə iş birliyi, əməkdaşlıq dərinləşir. İl ərzində bir neçə dəfə müştərək hərbi təlimlər keçirilir.
“Bu gün Türkiyə və Azərbaycan ordularının əsgərləri Azadlıq meydanında yan-yana dayanıblar və onlar bizim önümüzdən qardaş kimi keçəcəklər”, - deyə dövlətimizin başçısı vurğulayıb.