YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Los-Anceles şəhərinin sabiq meri Milli Məclisdə olub

Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini Valeh Ələsgərov oktyabrın 3-də ABŞ-ın Los-Anceles şəhərinin sabiq meri Antonio Roman Viyarayqosa ilə görüşüb.

Qonağı salamlayan V.Ələsgərov iki ölkə arasında mövcud olan siyasi-iqtisadi əlaqələrdən danışıb. Bildirilib ki, Azərbaycan ABŞ ilə enerji sahəsində, xüsusilə də ölkəmizdəki neft və qaz yataqlarının birgə işlənilməsi istiqamətində əməkdaşlığın inkişafına xüsusi önəm verir.

Milli Məclisin sədr müavini qeyd edib ki, son iyirmi ildə Azərbaycan regionda aparıcı mövqeyə yiyələnib. Bu gün onun iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 70 faizdən çoxunu təşkil edir. Hazırda regionda elə bir layihə yoxdur ki, orada Azərbaycanın iştirakı olmasın. Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəmərinin reallaşdırılmasında ABŞ-ın böyük dəstəyi olduğunu vurğulayan V.Ələsgərov məlumat verib ki, bir milyon barrel ötürücülük qabiliyyətinə malik bu kəmərlə Qazaxıstan və Türkmənistan nefti də nəql edilir. Bu il sentyabrın 20-də Bakıda təməli qoyulan “Cənub” qaz dəhlizi Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayacaq.

Milli Məclisinin sədr müavini qeyd edib ki, Azərbaycan, Türkiyə və Gürcüstanın birgə layihəsi olan Bakı-Tbilisi-Qars dəmir yolu xətti gələn ildən istifadəyə veriləcək. Bu dəmir yolu xətti Pekindən Londonadək sərnişin və yük daşımaları həyata keçirməyə imkan verəcək.

V.Ələsgərov Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsindən, bu problemin həlli ilə bağlı beynəlxalq qurumların qəbul etdikləri sənədlərin işğalçı dövlət tərəfindən yerinə yetirilməməsindən də geniş söz açıb.

IV Bakı Beynəlxalq Humanitar Forumuna dəvət olunduğuna görə təşəkkürünü bildirən Los-Anceles şəhərinin sabiq meri Antonio Roman Viyarayqosa xəritədə kiçik olmasına baxmayaraq, Azərbaycanın böyük ölkələrin həyata keçirə bilmədiyi layihələri reallaşdırdığını deyib.

Qeyd olunub ki, bu gün Azərbaycan Avropanın neft ixracatında mühüm rol oynayır.

IV Bakı Beynəlxalq Humanitar Forumunda müzakirə edilən məsələlərin dünya düşündürən aktual problemlər olduğunu deyən Los-Anceles şəhərinin sabiq meri forumun təşkilatçılığını yüksək qiymətləndirib.

Görüşdə Azərbaycan-ABŞ əlaqələrinin perspektivləri barədə fikir mübadiləsi aparılıb.