Xəbərlər
Nizami Cəfərov: 1 avqust Azərbaycan Əlifbası və Azərbaycan dili Gününün təsis olunması müstəqil dövlətimizin dil məsələsinə nə qədər ciddi yanaşdığını göstərən amildir
«Ölkəmizdə 1 avqust Azərbaycan Əlifbası və Azərbaycan dili Gününün təsis olunması müstəqil dövlətimizin dil məsələsinə nə qədər ciddi yanaşdığını göstərən amildir. Azərbaycan dilinin həm ümumxalq dili, həm də xüsusilə dövlət dili kimi inkişafında Ümummilli liderimiz Heydər Əliyevin xidmətləri, sözün böyük mənasında, tarixi xidmətlərdir ki, bu mövzuda artıq onlarla ciddi elmi əsərlər yazılıb, kifayət qədər mükəmməl ümumiləşdirmələr aparılıb». Bu fikirləri Milli Məclisin deputatı, akademik Nizami Cəfərov deyib.
N.Cəfərov bildirib ki, Ulu öndər Heydər Əliyevin milli dil quruculuğu siyasəti Onun milli dövlət quruculuğu siyasətinin üzvü tərkib hissəsi olub bütöv bir sistem təşkil edir. Doğrudan da, Ümummilli liderin Azərbaycana rəhbərlik etdiyi ilk illərdən son illərə qədər Azərbaycanda apardığı dil siyasətində hər hansı bir tərəddüdə, yaxud təsadüfə nə nəzəri, nə də təcrübi olaraq rast gəlinmir ki, bu da yalnız dahilərə məxsus bir keyfiyyətdir.
«Fikrimizcə, Heydər Əliyevin bir dövlət rəhbəri kimi Azərbaycanda aparmış olduğu dil siyasəti elmi-nəzəri baxımdan yalnız Azərbaycan miqyasında əhəmiyyətli olması ilə məhdudlaşmır, eyni zamanda, dünya miqyasına çıxmaqla ümumiyyətlə dil quruculuğunun həmişə aktual olan problemlərinin həlli üçün əsaslı prinsiplər təqdim edir. Bu prinsiplər həm də ona görə əhəmiyyətlidir ki, Azərbaycanın, yəni müstəqillik uğrunda yüz illər boyu mübarizə aparan və qalib gələn bir xalqın nümunəsində və ya təcrübəsində uğurla həyata keçirilib. Ümumiyyətlə, Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi dil siyasəti Onun dövlət quruculuğu siyasətinin tərkib hissəsi olub. Heydər Əliyev dil məsələsinə böyük həssaslıq göstərirdi. O, həmişə vətəndaşlara, xüsusilə gənclərə müxtəlif dilləri öyrənməyi tövsiyə edirdi. Amma onu da vurğulayırdı ki, ilk növbədə dövlət dili öyrənilməlidir. Hazırda bu siyasət Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir»-deyə, N.Cəfərov vurğulayıb.