Xəbərlər
Eldar İbrahimov: Azərbaycan demokratik dəyərlərə sadiq dövlətdir
«Ölkəmiz demokratik dəyərlərə, fundamental insan hüquq və azadlıqlarına sadiqliyi Konstitusiya və digər hüquqi sənədlərlə tam təsbit olunub. Azərbaycan bu dəyərələr sadiqdir». Bu fikirləri YAP İdarə Heyətinin üzvü, Milli Məclisin komitə sədri Eldar İbrahimov deyib.
E.İbrahimov bildirib ki, Azərbaycan dövləti daim ölkə Konstitusiyası və digər müvafiq qanunvericilik aktları ilə təsbit olunan demokratik prinsiplərə sadiqlik nümayiş etdirir. Onun sözlərinə görə, respublikamızda bütün sahələrdə müşahidə edilən dinamik inkişafla paralel surətdə, cəmiyyətdə vətəndaş fəallığının artması da məmnunluq doğurur.
«Bu da, ilk növbədə, ölkəmizdə ictimai sektorun inkişafına dövlətin göstərdiyi dəstəklə bağlıdır. Respublikamızda vətəndaş fəallığının artırılması, cəmiyyətin dövlət siyasətinin həyata keçirilməsində rolunun təmin edilməsi təşviq olunur, eyni zamanda, dövlət üçüncü sektorun inkişafına mütəmadi dəstək verir, davamlı olaraq təşkilati-hüquqi və maliyyə yardımları göstərir. Demokratik inkişaf yolunda həyata keçirilən sistemli tədbirlərin qanunauyğun nəticəsi kimi, Azərbaycanda təkmil siyasi sistem bərqərar olunub. Bu istiqamətdə əldə edilmiş nailiyyətlərdən biri də ölkədə hüquqi dövlət və vətəndaş cəmiyyətinin mütləq komponentlərinin təşəkkül tapmasıdır. Belə ki, hüququn aliliyi, ictimai həyatın bütün sahələrində qanunun hökmranlığı prinsiplərinin mühafizə olunması dövlətin və vətəndaşların qarşılıqlı məsuliyyətinin güclənməsini təmin etməklə yanaşı, hüquqi dövlətin təməllərini də möhkəmləndirib. Bir sözlə, 27 illik müstəqillik tarixinə malik olan Azərbaycan bu gün dünyaya açıq ölkə kimi demokratik inkişaf istiqamətində mühüm nailiyyətlər əldə edib, öz üzərinə götürdüyü öhdəlikləri tam, inamla və əzmlə yerinə yetirib»-deyə, YAP İdarə Heyətinin üzvü vurğulayıb.