Xəbərlər
Prezident İlham Əliyev: Polipropilen zavodu Azərbaycanın ixrac potensialını böyük dərəcədə artıracaq
Polipropilen zavodu Azərbaycanın ixrac potensialını böyük dərəcədə artıracaq.
Bu sözləri Prezident İlham Əliyev iyulun 18-də Sumqayıt Kimya Sənaye Parkının ərazisində “SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən polipropilen zavodunun açılış mərasimində deyib.
“Bu müəssisənin yaradılması İtaliya-Azərbaycan dostluğunun təzahürüdür. Çünki bu böyük sənaye müəssisəsi beynəlxalq əməkdaşlıq nəticəsində yaranıb. İtaliya şirkəti “Maire Tecnimont” bütün inşaat işlərini yüksək səviyyədə aparmış və gözəl bir əsər yaradıb. Polipropilen zavodunun istifadəyə verilməsi və ilin sonunda polietilen zavodunun istifadəyə verilməsi nəticəsində Azərbaycanın ixrac potensialı böyük dərəcədə artacaq. Hər iki zavodda hər il 300 min ton məhsul istehsal olunacaq və məhsulun 70 faizi xarici bazarlara ixrac ediləcək. Beləliklə, Azərbaycan idxaldan asılılığı tamamilə aradan götürəcək və ölkəmizin böyük həcmdə qeyri-neft ixracı yaradılacaq”, - deyə Azərbaycan Prezidenti bildirib.
Dövlət başçısı qeyd edib ki, ən yüksək texnologiyalara malik olan zavod bu gün fəaliyyət göstərir: “Zavodda yüzlərlə iş yeri yaradılır, daha dəqiq desəm, 500-dən çox yeni iş yeri yaradılacaqdır. İdxaldan asılılıq tamamilə aradan götürülür, gözəl ixrac imkanlarımız yaradılır. Kadr hazırlığı çox yüksək səviyyədə öz həllini tapıb. Azərbaycanın qeyri-neft sektorunun inkişafına zavodun çox böyük dəstəyi olacaq. Əminəm ki, zavodun fəaliyyəti nəticəsində minlərlə, bəlkə də on minlərlə yeni iş yeri yaradılacaq. Çünki bu zavodda buraxılan xammaldan hazır məhsul istehsal olunacaq və Azərbaycan o məhsulun da idxalından asılılığı aradan götürəcək”.