Xəbərlər
Prezident Sercio Mattarella: İtaliya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıdır
İtaliya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında beynəlxalq hüququn norma və prinsiplərinə əməl olunmaqla sülh yolu ilə həllinə tərəfdardır.
Bu fikri Azərbaycanda rəsmi səfərdə olan İtaliya Respublikasının Prezidenti Sercio Mattarella ADA Universitetində çıxışında deyib.
ADA Universitetinin rektoru, xarici işlər nazirinin müavini, səfir Hafiz Paşayev İtaliya dövlətinin başçısı ilə keçirilən görüşün bu təhsil ocağının tarixində mühüm hadisə olduğunu bildirib. Prezident Sercio Mattarellanı tələbələrə təqdim edən rektor onun ictimai-siyasi fəaliyyəti haqqında ətraflı məlumat verib. Azərbaycan və İtaliya arasında tərəfdaşlıq münasibətlərindən danışan ADA Universitetinin rektoru bu gün Sumqayıtda “SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən polipropilen zavodunun açılışında Sercio Mattarellanın iştirakının bu əlaqələrin inkişafına yeni töhfə verəcəyini vurğulayıb.
İtaliya Prezidenti Sercio Mattarella Azərbaycana, eləcə də bu səfəri çərçivəsində ADA Universitetinə gəlməsindən çox şad olduğunu deyib. Qeyd edib ki, bu səfər həm də Azərbaycanla daha yaxından tanış olmağa əlverişli imkan yaratdı. Azərbaycanın gələcəyinin bu gün burada, eləcə də digər ali məktəblərdə təhsil alan tələbələrin əlində olduğunu qeyd edən İtaliya Prezidenti ölkələrimiz arasında münasibətlərin tarixindən danışıb. Azərbaycanın Nizami, Füzuli kimi şairlərinin ölkəsində tanındığını, XIX əsrdə Azərbaycanda sənayenin inkişaf etdiyi dövrdə, eləcə də XIX-XX əsrlərdə italyan memarların Bakıda çalışdıqlarını qeyd edib. Azərbaycanın dövlət müstəqilliyini bərpa etdikdən sonra qazandığı uğurlara diqqət çəkən Prezident Sercio Mattarella ölkəmizin regionda nüfuzunu vurğulayıb, İtaliya ilə Azərbaycan arasında münasibətlərin davamlı olacağına əminliyini ifadə edib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan İtaliya dövlətinin başçısı münaqişənin BMT Təhlükəsizlik Şurasının qətnamələri, Avropanın müxtəlif nüfuzlu qurumlarının qəbul etdiyi sənədlər əsasında beynəlxalq hüququn norma və prinsiplərinə əməl olunmaqla sülh yolu ilə həllinə tərəfdar olduğunu diqqətə çatdırıb. Prezident bildirib ki, İtaliya regionda sülhün və inkişafın tərəfdarıdır.
Müxtəlif dinlərin və etnik qrupların nümayəndələrinin dinc yanaşı yaşadığı Azərbaycanın təcrübəsini yüksək qiymətləndirən Sercio Mattarella ölkəmizin qonaqpərvərliyini də qeyd edib. Prezident İlham Əliyevlə görüşündən söz açan ali qonaq danışıqlar zamanı bir çox sahələri əhatə edən məsələlərin müzakirə olunduğunu söyləyib. Bildirib ki, siyasi, iqtisadi, mədəni əlaqələr iki ölkə arasında körpülər qurur. Ali qonaq onu da diqqətə çatdırıb ki, Azərbaycan İtaliyanın tələbə təqaüdü verdiyi ölkələrdən biridir.
Sonra İtaliya Prezidenti tələbələrin suallarını cavablandırıb.
Rektor Hafiz Paşayev ADA Universitetinin xatirə medalını və “Bir səfirin manifesti” kitabının italyan dilində nüsxəsini Sercio Mattarellaya təqdim edib.
Ali qonaq da xatirə hədiyyəsi verib.
Sonda İtaliya hökumətinin 17 azərbaycanlı tələbəyə İtaliya universitetlərində təhsil almaları üçün təqaüd sertifikatları təqdim olunub.