Xəbərlər
Kamilə Əliyeva: Xaricdən idarə edilən bəzi internet resursları insanları təxribatlara yönləndirir
«İyulun 10-da Gəncə şəhərində baş verən təxribat məhz ölkəmizdə sabitliyin pozulmasında maraqlı olan, eləcə də xarici anti-azərbaycançı fəaliyyətlə məşğul olan qrupların işidir». Bunu Milli Məclisin deputatı Kamilə Əliyeva deyib.
Millət vəkili vurğulayıb ki, iyulun 10-da baş verən iğtişaşların ardından bir sıra xaricdən idarə olunan şəxslərin və internet resurslarının məqsədli və planlı şəkildə informasiya terroru yaratmaq istəməsi də bunun sübutudur: "Bu internet resursları da xaricdən idarə edilir və onlar mütəmadi olaraq insanları təxribatlara yönləndirir, münaqişəyə, sabitliyin pozulmasına çağırışlar edirlər. Bu məsələdə Avropadakı xəyanətkar iaşə müxalifəti daha "fəallıq" nümayiş etdirir və onların rəhbərlik etdikləri internet portalları və kanalları, sosial şəbəkələrdəki səhifələr yeni təxribatlar üçün çağırışlar edirlər. Hətta Azərbaycanın ərazi bütövlüyünə qarşı olan xəyanətkarların "müdafiə komitələri" yaratmaqları da məsələnin mahiyyətini açıq şəkildə ortaya qoyur".
Onun sözlərinə görə, dövlətimiz güclüdür və bu kimi təxribatların qarşısı vaxtında, effektiv şəkildə alınır: "Bununla yanaşı, bizim vətəndaş mövqeyimiz də Vətənimizə qarşı hücuma keçmiş belələrinin zərərsizləşdirilməsində mühüm rol oynayır. Fikrimcə, bu gün Azərbaycan vətəndaşları daha yüksək səviyyəli birlik nümayiş etdirməli, ölkəmizdə ayrı-seçkilik yaratmaq, təxribatlar törətmək istəyənlərə qarşı qəti mövqe ortaya qoymalıdırlar. Bu, həm də bir ideoloji təxribatdır və buna qarşı ayıq olmalıyıq".