YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məlahət İbrahimqızı: Siyasi mənsubiyyətindən, əqidəsindən asılı olmayaraq hər kəs dövlətin yanında olmalıdır

"Gəncə şəhərində baş verən son hadisələr təsadüfi deyil. Son vaxtlar sosial şəbəkələrdə ölkəmizdə sabitliyin pozulması məqsədinə xidmət edən çağırışlar səslənirdi. Səbəb isə Azərbaycanın uğurlu inkişafıdır". Bu fikirləri YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

M.İbrahimqızı bildirib ki, Azərbaycan sabitlik adasıdır, ölkəmizdə əmin-amanlıq hökm sürür. Onun sözlərinə görə, Azərbaycan həyata keçirdiyi qlobal layihələrlə beynəlxalq miqyasda nüfuzunu əhəmiyyətli dərəcədə artırır.

"Bu gün Azərbaycan Avropanın enerji xəritəsini dəyişir. Cənub Qaz Dəhlizi, TANAP, TAP layihələri buna sübutdur. Eləcə də ordumuz güclənir. 26 iyunda keçirilən möhtəşəm parad ordumuzun gücünü göstərdi. Silahlı Qüvvələrimizin yaradılmasının 100 illiyi ərəfəsində Naxçıvanda 11 min hektar ərazinin erməni işğalından azad edilməsi də bir daha ordumuzun gücünün nümunəsidir. Bütövlükdə, ölkəmiz Cənubi Qafqazın lider ölkəsi olmaqla yanaşı özünün müstəqil siyasəti ilə böyük nailiyyətlər əldə edir. Bunu isə müəyyən beynəlxalq dairələr həzm edə bilmir. Ona görə də, bu cür təxribatlara əl atırlar", - deyə YAP Siyasi Şurasının üzvü vurğulayıb.

Millət vəkili qeyd edib ki, bu qüvvələr ölkəmizdə fitnə-fəsad törətmək istəyirlər və Gəncə hadisələri bunun bir hissəsidir. O deyib ki, xalqımız həmişə dövlətimizin keşiyindədir: "Bu xalq 20 Yanvar hadisələri zamanı sovet ordusuna qarşı əliyalın çıxaraq öz sözünü dedi. Həmçinin 1994 və 1995-ci il dövlət çevrilişlərinə cəhd zamanı xalqımız birmənalı şəkildə dövlətçiliyimizi, Ümummilli liderimiz Heydər Əliyevi müdafiə etdi. Bu gün məkrli niyyəti olan qüvvələr bilməlidir ki, əgər hansısa  təxribatlara əl atmaq istəsələr, yenə də qarşılarında Azərbaycan xalqını, sadə insanları görəcəklər. Bizim bir düşmənimiz var. O da torpaqlarımızı işğal edən Ermənistandır. Siyasi mənsubiyyətindən, əqidəsindən asılı olmayaraq, hər kəs, dövlətin, dövlətçiliyin yanında olmalıdır. Gəncə hadisələri zamanı iki yüksək rütbəli polis zabitinin şəhid olması təəssüf doğurur. Allah onlara rəhmət eləsin. Şübhəsiz ki, həmin cinayəti törədənlər tutulub layiqli cəzalarını alacaqlar. Çünki Azərbaycanın güclü hüquq-mühafizə orqanları var", - deyə YAP Siyasi Şurasının üzvü vurğulayıb.