Xəbərlər
Dənizkənarı Bulvarda BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin əks olunduğu stendlər quraşdırılıb
Dənizkənarı bulvarda BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) əks olunduğu stendlər quraşdırılıb.
Mərasimdə Baş nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov, BMT-nin Azərbaycan Respublikasındakı rezident əlaqələndiricisi və İnkişaf Proqramının rezident nümayəndəsi Qulam İshaqzai, iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova və digər rəsmi şəxslər iştirak edib.
Məlumat verilib ki, stendlər IDEA İctimai Birliyi və BMT-nin Azərbaycandakı Nümayəndəliyinin dəstəyi ilə quraşdırılıb.
Baş nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov bildirib ki, 2015-ci ildə dünya liderləri bəşəriyyətin bütün mövcud çağırışlarının həllində irəli aparan ümumbəşəri yol olan Dayanıqlı İnkişaf üzrə 2030 Gündəliyini təsdiqləyiblər. Gündəlikdə 2030-cu ilədək nail olunması üçün 17 ümumbəşəri dayanıqlı inkişaf məqsədi və 196 hədəf müəyyənləşdirilib. Azərbaycanda dayanıqlı inkişaf hədəflərinin həyata keçirilməsini əlaqələndirmək məqsədilə 2016-cı ilin oktyabrında dayanıqlı inkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılarkən ölkəmiz 2030-cu il Gündəliyinə nail olmaq öhdəliyini ən yüksək səviyyədə nümayiş etdirib. Bu gün BMT-nin 18 rezident və qeyri-rezident qurumu Azərbaycanın bu 17 məqsədə nail olmaq üçün göstərdiyi səyləri dəstəkləyir.
BMT-nin Azərbaycan Respublikasındakı rezident əlaqələndiricisi və İnkişaf Proqramının rezident nümayəndəsi Qulam İshaqzai isə qeyd edib ki, Bakı sakinlərinin və turistlərin ən çox ziyarət etdiyi Dənizkənarı Bulvarda belə stendlərin quraşdırılmasında məqsəd Azərbaycan ictimaiyyətinin və sıravi insanların BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri barədə daha geniş məlumat əldə etməsidir.