YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Belarus müdafiə nazirinin müavini: Azərbaycan ilə hərbi-texniki sahədə əməkdaşlıq uğurla davam edir

Azərbaycan Ordusunun yaradılmasının 100 illik yubileyi münasibətilə Belarusun paytaxtı Minskdə rəsmi qəbul keçirilib.

Ölkəmizin Belarusdakı səfirliyindən bildiriblər ki, mərasimin rəsmi hissəsindən əvvəl qonaqlar Azərbaycan Ordusunun inkişaf tarixini əks etdirən fotosərgi ilə tanış olublar.

Sonra Ordumuzun yaradılmasının 100 illik yubileyi münasibətilə Azərbaycan Silahlı Qüvvələrinin iyunun 26-da Bakıda keçirilən təntənəli hərbi paradına dair videoçarx nümayiş etdirilib.

Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilov bayram tədbirində çıxış edərək Ordumuzun yaranma tarixi və keçdiyi şərəfli inkişaf yolu barədə qonaqlara məlumat verib. Bildirilib ki, 1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Ermənistanın hərbi təcavüzünə məruz qalıb. 1993-cü il Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra, ilk növbədə, nizami ordu quruculuğuna başlayıb və qısa müddətdə mütəşəkkil Azərbaycan Ordusunun yaranmasına nail olub. Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan ordu quruculuğu prosesinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməsi nəticəsində bu gün Silahlı Qüvvələrimiz regionun ən güclü ordusuna çevrilib və ölkəmizin ərazi bütövlüyünü təmin etmək qüdrətinə malikdir.

Belarusun müdafiə nazirinin müavini Andrey Burdiko çıxışında Azərbaycan xalqını və Ordusunu 100 illik yubiley münasibətilə təbrik edib. O, ölkələrimiz arasında bütün istiqamətlərdə olduğu kimi, hərbi-texniki sahədə də əməkdaşlığın uğurla davam etdiyini və bundan sonra daha da genişləndiriləcəyini söyləyib.

Azərbaycanın Belarusdakı hərbi attaşesi, polkovnik Elşən Rəhimov tədbirdə iştiraklarına görə qonaqlara minnətdarlığını bildirib, dünyanın ən müasir ordularından olan Silahlı Qüvvələrimizin Ali Baş Komandan İlham Əliyev tərəfindən qarşıya qoyulan tapşırıqları hər an yerinə yetirməyə hazır və qadir olduğunu vurğulayıb.

Tədbirin bədii hissəsində Minskdə fəaliyyət göstərən “Qafqaz əfsanəsi” rəqs qrupunun ifasında milli rəqslərimiz nümayiş etdirilib.