Xəbərlər
Elman Nəsirov: Bütün bunlar cənab Prezidentin baş verənləri şəxsən nəzarətdə saxladığını növbəti dəfə nümayiş etdirdi
«İyulun 4-də Prezident İlham Əliyevin yanında ölkənin enerji sistemindəki vəziyyətə dair müşavirənin keçirilməsində başlıca məqsəd qəzanın səbəblərini, nəticələrini araşdırmaqdan, bundan irəli gələn məsələlərin müzakirəsindən ibarət idi. Dövlət başçısı İlham Əliyev son illər ərzində Azərbaycanın enerji sektoruna çox böyük investisiyalar qoyulduğunu vurğuladı. Diqqətə çatdırıldı ki, son 15 il ərzində Azərbaycanda onlarla yeni elektrik stansiyası istifadəyə verilib, 2500 meqavat gücündə yeni elektrik stansiyaları tikilib. Bunun nəticəsində Azərbaycanın hazırkı enerji potensialı 6400 meqavata çatdırılıb. Bunun 2500 meqavatı son 15 il ərzində yaradılıb». Bu fikirləri Milli Məclisin deputatı Elman Nəsirov deyib.
E.Nəsirov bildirib ki, ölkə başçısı Azərbaycanın bütün bölgələrində, o cümlədən Bakı, Sumqayıt, Şirvan şəhərlərində, Astara, Xaçmaz, Şəki, Quba rayonlarında yeni elektrik stansiyalarının tikildiyini, həmçinin su elektrik stansiyalarının yaradıldığını söylədi. Prezident müşavirədəki çıxışında birmənalı olaraq bildirdi ki, ciddi araşdırmaların aparılması nəticəsində günahkarlar müəyyən edilərək məsuliyyətə cəlb olunmalıdır.
«Prezident İlham Əliyev yaranmış gərginlik fonunda əhalinin göstərdiyi mövqeyə, səfərbər olmuş cəmiyyətə, vətəndaş həmrəyliyinə və dövlət başçısının siyasi kursunu dəstəklədiyinə görə xalqımıza minnətdarlığını bildirdi. O, baş verənlərin eyni zamanda sınaq olduğunu və Azərbaycan xalqının bu sınaqdan şərəflə çıxdığını dilə gətirdi. Bu, bizim böyük nailiyyətimizdir. Bununla yanaşı, dövlət başçısı hadisə baş verən sektora görə məsuliyyət daşıyan məmurları kəskin tənqid etdi. Bildirdi ki, onların səhlənkarlığı ucbatından bu qəza baş verib. Nəticədə bu isti havada insanlara əziyyət verilib, iqtisadiyyata böyük ziyan vurulub. Bütün bunlar Prezidentin baş verənləri şəxsən nəzarətdə saxladığını növbəti dəfə nümayiş etdirdi. Qeyd olundu ki, Dövlət Komissiyası xüsusi tədbirlər planı hazırlamalı, Azərbaycan xalqı gələcəkdə bu qəzalardan və qəzaların törədə biləcəyi fəsadlardan özünü qoruya bilməlidir»-deyə, deputat qeyd edib.