Xəbərlər
MM-in deputatı: Yeni layihələr mühüm siyasi və iqtisadi əhəmiyyət daşıyır
«Dünya enerji siyasətində və beynəlxalq münasibətlər sistemində Azərbaycanla bağlı prioritetlər mövcuddur». Bu fikri Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
A.Hüseynov bildirib ki, ölkəmizin enerji siyasəti nəticəsində Azərbaycanın dövlət müstəqilliyi daha da möhkəmlənib, respublikanın təhlükəsizliyinin və gələcək tərəqqisinin əlavə təminatları yaradılıb. Onun sözlərinə görə, dünyanın nüfuzlu dövlətləri Azərbaycanla enerji sahəsində fəl əməkdaşlıq edirlər.
«Enerji layihələri mühüm siyasi və iqtisadi əhəmiyyət daşıyır. Dünyanın nüfuzlu dövlətləri son dövrlər ölkəmizin iqtisadiyyatının inkişaf etdirilməsi sahəsində yürüdülən iqtisadi, o cümlədən enerji siyasətini yüksək qiymətləndirir, həyata keçirilən transmilli layihələrin təşəkkül tapmasına və ölkəmizin beynəlxalq inteqrasiyasına hərtərəfli dəstək verirlər. Azərbaycanın neft və enerji sektorunun inkişafı artıq ölkəmizin iqtisadi yüksəlişinə töhfə verib, regional və qlobal əməkdaşlıq üçün əlavə imkanlar yaradıb. Bakı-Supsa, Bakı-Tiflis-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, bu gün isə TANAP regionun əhəmiyyətini artıraraq Avropa üçün yeni və həyati əhəmiyyətli enerji mənbələrinin əsasını qoyub. Bütün bu layihələr Azərbaycanın regionun əsas iştirakçısı və beynəlxalq arenada əhəmiyyətli aktor kimi önəmini artırır»-deyə, A.Hüseynov vurğulayıb.