YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Monteneqronun iqtisadiyyat naziri: Azərbaycan və Monteneqro əməkdaşlığın genişləndirilməsi üçün böyük potensiala malikdirlər

Azərbaycan və Monteneqro müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensiala malikdirlər.

Bu barədə Trend-ə müsahibəsində Monteneqronun iqtisadiyyat naziri xanım Draqitsa Sekuliç deyib.

D.Sekuliç bildirib: "Monteneqro və Azərbaycan arasında turizm sahəsində əməkdaşlıq "Azmont Investments"in "Portonovi" layihəsinə böyük investisiyaları sayəsində məlum faktdır. Turizm və energetikadan əlavə şübhəsiz ki, digər sahələrdədə - ticarət, mədənçıxarma sənayesi, nəqliyyat, kənd təsərrüfatı, elm və təhsil və telekommunikasiya - əməkdaşlığın genişləndirilməsi üçün imkanlar mövcuddur".

Nazir hesab edir ki, İqtisadi Əməkdaşlıq haqqında sazişin və İnvestisiyaların Qarşılıqlı Təşviqi və Qorunması haqqında sazişin reallaşdırılması vasitəsilə Azərbaycan və Monteneqro arasında iqtisadi əməkdaşlıq daha da genişləndirilə bilər: "Azərbaycan və Monteneqro nümayəndələri arasında mütəmadi keçirilən görüşlərin yekunları üzrə razılaşdırılıb ki, hər iki ölkə investisiya imkanlarını təşviq edəcək və müvafiq müəssisələr arasında mütəmadi əlaqələr vasitəsilə biznes mühitini inkişaf etdirəcək".

Nazir qeyd edib ki, Azərbaycandan Monteneqroya investisiyaların həcminin böyük olmasına baxmayaraq iki ölkə arasında əmtəə dövriyyəsi yüksək səviyyədə deyil: "Buna, şübhəsiz, iki ölkənin coğrafi yerləşməsi təsir edir və bunu infrastrukturun yaxşılaşdırılması vasitəsilə aradan qaldırmaq olar. Bununla bağlı qarşılıqlı maraq doğuran layihələrin işlənməsi üçün imkanlar var. Bununla paralel olaraq biz hər iki ölkənin şirkətləri arasında daha sıx əlaqələrin qurulması üzərində birgə işləməliyik".