YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Əhmədov: Məcburi köçkünlərin sosial-iqtisadi və yaşayış durumunun yaxşılaşdırılması ölkəmizin humanitar ölçüdə müəyyənləşdirdiyi əsas prioritet sahələrdəndir

İyulun 3-də Azərbaycan Hökuməti ilə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası arasında Anlaşma Memorandumu imzalanıb.

Memorandumu Azərbaycanın Baş nazirinin müavini Əli Əhmədov və Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının baş katibi Elhadj As Sy imzalayıblar. Memorandumun imzalanmasında məqsəd Azərbaycan ilə Federasiya arasında qarşılıqlı maraq doğuran sahələrdə əməli əməkdaşlığın genişləndirilməsi üçün münbit şəraitin yaradılmasıdır.

Əli Əhmədov bildirib ki, Azərbaycanla Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası arasında dərin köklər mövcuddur.

Baş nazirin müavini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat verib. Bildirib ki, münaqişə nəticəsində Azərbaycan torpaqlarının 20 faizi işğal olunub və 1 milyondan çox soydaşımız yurd-yuvalarından qaçqın və məcburi köçkün düşüb. Ermənistanın ölkəmizə hərbi təcavüzü və torpaqlarımızın işğalı nəticəsində meydana çıxan ağır humanitar böhranın həllində və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin inkişafında Federasiyanın xidmətləri var. O, qurumun Azərbaycana fəal surətdə göstərdiyi dəstəyin hökumətimiz tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb.

“Məcburi köçkünlərin sosial-iqtisadi və yaşayış durumunun yaxşılaşdırılması ölkəmizin humanitar ölçüdə müəyyənləşdirdiyi əsas prioritet sahələrdəndir”, - deyən Baş nazirin müavini bu gün əhalinin həssas təbəqəsi sayılan qaçqın və məcburi köçkünlərə yardım göstərilməsi və onların müdafiəsinin təmin edilməsində dövlətimiz tərəfindən genişmiqyaslı işlərin görüldüyünü diqqətə çatdırıb.

Baş nazirin müavini iyulun 11–də məcburi köçkün soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyevin işğal edilmiş Kəlbəcər rayonu ərazisində öz doğmalarının məzarlarını ziyarət edərkən ermənilər tərəfindən qanunsuz olaraq həbs edilmələrindən 4 il keçdiyini deyib. Qeyd edib ki, bu məsələdə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası öz imkanlarından və nüfuzundan istifadə etməlidir. O, günahsız insanların həbsdən azad edilməsi istiqamətində fəal işlər aparılmasının vacibliyini vurğulayıb.

Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının baş katibi Elhadj As Sy ölkəmizdə olmasından və ona göstərilən yüksək qonaqpərvərlikdən məmnunluğunu bildirib. Qonaq təmsil etdiyi təşkilatla Azərbaycan Hökuməti arasında əməkdaşlığın gücləndirilməsinin yaxşı imkanlar açacağına əminlik ifadə edib. Azərbaycan dövlətinin öz yurd-yuvalarından didərgin düşən soydaşları üçün yaratdığı şəraiti yüksək dəyərləndirdiklərini vurğulayan baş katib əsas hədəflərinin təkcə Azərbaycanda deyil, bütün regionda ehtiyacı olan insanların həyat şəraitini öyrənməklə onlara yardım etmək olduğunu bildirib.

Görüşdə maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.