Xəbərlər
Sahibə Qafarova: Ermənistan monoetnik ölkə olaraq qalır
"Neonasizm Avropada geniş vüsət almaqdadır. Əsas xüsusiyyətləri təcavüzkar milliyyətçilik və irqçilik olmaqla o, beynəlxalq hüququn təməl normaları və prinsiplərinin ciddi pozuntularına gətirib çıxarır, nəticədə bəşəriyyət dağıdıcı müharibələr, təcavüzkarlıq və etnik təmizləmələrdən əziyyət çəkir". Bu fikirləri Avropa Şurası Parlament Assambleyasının sessiyası çərçivəsində bu gün keçirilən "Neonasizm təzahürləri ilə mübarizə" mövzusunda müzakirələrdə çıxış edən Azərbaycanın qurumdakı nümayəndə heyətinin üzvü, AŞPA-nın rasizm və ksenofobiya alt komitəsinin sədri Sahibə Qafarova səsləndirib.
Qeyd edək ki, bu çıxışdan əvvəl Ermənistan nümayəndə heyətinin üzvü Naira Zöhrabyan çıxış edərək ölkəmizlə bağlı qeyri-obyektiv, həqiqətdən uzaq ittihamlar səsləndirib. Sahibə Qafarova isə çıxışında Zöhrabyanın ittihamlarına cavab olaraq vurğulayıb ki, dünyada ən dəhşətli etnik təmizləmələrdən biri Ermənistan tərəfindən 1 milyon azərbaycanlıya qarşı həyata keçirilib. Onun sözlərinə görə, 20 ildən çoxdur ki bu ölkə Azərbaycan ərazisinin 20 faizini zəbt etməklə onun ərazi bütövlüyünə qəsd edib: " Sözügedən siyasət nəticəsində indiki Ermənistan və işğal olunmuş Azərbaycan ərazilərində bir nəfər də olsun azərbaycanlı yaşamır və indi yaşadığımız 21-ci əsrdə Ermənistan monoetnik ölkə olaraq qalır".
Daha sonra Sahibə Qafarova N.Zöhrabyanın hər sessiyada Azərbaycan haqqında yalan fikirlər səsləndirdiyini xatırladaq vurğulayıb ki, ki, Azərbaycanda əsrlərlə tolerantlıq və multikulturalizm mövcud olub. Ölkəmizdə müxtəlif dinlərin və millətlərin nümayəndələri dinc yanaşı yaşamaqdadır: "Bu gün Azərbaycanın ruslar, ukraynalılar, gürcülər və ermənilərdən ibarət olan xristikan icması yerli müsəlman icması ilə bərabər hüquqlardan yararlanır. Bir neçə ay öncə ölkə Prezidentinin Fərmanı ilə Azərbaycanda Bakı Beynəlxalq Multikulturalizm mərkəzi təsis edilmişdir. Bu addım multikultiralizm sahəsində ölkədə əsrlərdən bəri toplanmış böyük tarixi təcrübəyə qayğı zərurətindən qaynaqlanır. Həmçinin, bir neçə gün sonra Bakı 4-cü humanitar foruma ev sahibliyi edəcək və multikulturalizm tədbirin əsas müzakirə obyektlərindən olacaqdır".
Sonda S.Qafarova bir daha vurğulayıb ki, müasir dünyada tolerantlıq və multikulturalizmə praktiki olaraq heç bir alternativ yoxdur: "İnanıram ki, hamımızın ümumi məkanı olan Avropada bunu gerçəkləşdirə bilərik".