Xəbərlər
Beynəlxalq Böhran Qrupunun hesabatında Ermənistanın qeyri-konstruktiv mövqeyi tənqid edilib
Beynəlxalq Böhran Qrupunun (BBQ) rəsmi internet saytında yerləşdirilmiş “Rusiya və Türkiyə Qara dəniz və Cənubi Qafqazda” sərlövhəli hesabatında Cənubi Qafqaz regionunda Moskva ilə Ankaranın rəqabət və əməkdaşlığı fonunda Azərbaycan rəhbərliyinin düşünülmüş xarici siyasətindən və Ermənistanın qeyri-konstruktiv mövqeyindən bəhs olunub.
Hesabatın “Cənubi Qafqaz: risklər və imkanlar” bölməsində Azərbaycan, Gürcüstan və Türkiyənin həyata keçirdikləri transmilli enerji layihələri və bu kontekstdə son illər Rusiyanın Türkiyə ilə yaxınlaşmasının regionda sülhün və sabitliyin bərqərar olması üçün əhəmiyyəti diqqətə çatdırılır. Qeyd edilir ki, Moskva ilə Ankara arasında əlaqələrin möhkəmlənməsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə də töhfələr verə bilər.
BBQ-nin materialında ötən ilin Aprel döyüşlərində Azərbaycan Silahlı Qüvvələrinin əldə etdiyi uğurlar və strateji əraziləri azad etməsi də qeyd olunur. Eyni zamanda, rəsmi Bakının həm Ankara, həm də Moskva ilə hərbi-texniki əməkdaşlığının inkişaf etdiyi vurğulanır. Digər tərəfdən, Yerevanın qeyri-konstruktiv mövqeyi tənqid olunur. “Ermənistan istər Rusiya-Türkiyə əlaqələrinin möhkəmlənməsi, istərsə də Bakı ilə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqlara həvəs göstərmir. 2018-ci ilin aprelində kütləvi nümayişlərdən sonra hakimiyyətə gələn Nikol Paşinyan Dağlıq Qarabağ məsələsində əvvəlki rəhbərliyin siyasətini davam etdirir və Bakı ilə münasibətlərin bərpa olunması üçün ərazilərin qaytarılmasında müsbət mövqe göstərmir”, - deyə hesabat müəllifləri qeyd edirlər.
Hesabatda daha sonra vurğulanır ki, Ermənistan prezidentindən və baş nazirindən fərqli olaraq Azərbaycan rəhbərliyi həm Moskva, həm də Ankara ilə münasibətləri inkişaf etdirir. Materialda Yerevanın Rusiya-Türkiyə yaxınlaşması fonunda Ankara barədə daha sərt bəyanatlara üstünlük verməsi diqqətə çatdırılır və vurğulanır: “Prezident İlham Əliyev 2016-cı ilin oktyabrında İstanbulda keçirilən Enerji Konqresində, “Türk axını” qaz kəməri layihəsinin və “Akkuyu” atom elektrik stansiyasının təməlqoyma mərasimində Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanla eyni cərgədə dayanırdı”.