YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Gündəm

Mehriban Əliyeva: Azərbaycan ilk Avropa oyunlarını yay olimpiya oyunları səviyyəsində keçirməyi qarşısına məqsəd qoyub

“Azərbaycanda ilk Avropa Oyunları keçiriləcəkdir. Baxmayaraq ki, Olimpiya hərəkatı Yunanıstanda, Afinada başlanılmış və bərpa olunmuşdur Avropada digər qitələrdən fərqli olaraq heç vaxt Avropaya məxsus oyunlar keçirilməmişdi. Biz fəxr edirik ki, Azərbaycana bu oyunları ölkəmizdə təşkil etmək üçün tarixi fürsət verilmişdi. 17 gün ərzində davam edəcək oyunlarda 6000-dən çox idmançı 20 idman növündə rəqabət aparacaqdır. Avropa Olimpiya Komitəsinin bu qərarı Azərbaycan xalqı tərəfindən böyük sevinc və dəstəklə qarşılanmışdır”.  Bu fikirləri 2015-ci ildə Azərbaycanda keçiriləcək ilk Avropa Oyunlarının Heydər Əliyev Fondu tərəfindən Yunanıstanın paytaxtı Afinada təşkil olunan təqdimatında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva çıxışı zamanı səsləndirmişdir.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva qeyd etmişdir ki, Azərbaycan idman ölkəsi kimi də yaxşı tanınır: “Müstəqilliyimizi bərpa etdikdən sonra idmanın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biri olmuşdu. İdmançılarımız 1996-cı ildən etibarən olimpiya oyunlarında iştirak etmiş və qısa müddət ərzində əldə etdiyimiz nailiyyətlərlə fəxr edə bilərik. Son yay olimpiya oyunlarında idmançılarımız 10 olimpiya medalı qazanmışdı və medal sayına görə ümumi reytinqdə ilk 30 ölkə sırasına daxil olmuşdu. Ötən 10 ildə ölkəmizdə 40-dan çox müasir olimpiya kompleksi tikilmişdi və bu da bir çoxunun idmanı peşəkar karyera kimi seçdiyi gənclərimizin qarşısında yeni üfüqlər və imkanlar açmışdı. Bu yaxınlarda Çində Gənclər arasında keçirilən olimpiya oyunlarında idmançılarımız 12 medal, o cümlədən 5 qızıl medal qazanmışdı və ölkəmiz bütün iştirakçılar arasında 10-cu, Avropa ölkələri arasında isə 6-cı yeri tutmuşdu. Bizim bir çox Avropa və Dünya çempionatlarının keçirilməsində də zəngin təcrübəmiz var və bu yarışların hamısı iştirakçılar və rəsmilər tərəfindən yüksək qiymətləndirilmişdi”.

2014-ci ilin iyun ayında Bakıda uğurla keçirilən bədii gimnastika üzrə Avropa çempionatını gözəl nümunə kimi vurğulayan Azərbaycanın birinci xanımı Mehriban Əliyeva daha sonar qeyd etmişdir ki,  Azərbaycan ilk Avropa oyunlarını yay olimpiya oyunları səviyyəsində keçirməyi qarşısına məqsəd qoyub: “Bakı-2015” Oyunlarının Təşkilat Komitəsinin sədri kimi sizi əmin edə bilərəm ki, oyunların mümkün olan ən yüksək səviyyədə keçirilməsi və idmançılara, rəsmilərə, habelə qonaqlara və yerli vətəndaşlara zəruri şəraitin yaradılması üçün əlimizdən gələni edəcəyik. Bu oyunların keçirilməsi üçün bizə iki il yarım vaxt verilməsinə baxmayaraq bu gün əminik ki, bütün hazırlıq işləri vaxtında tamamlanacaqdır. Biz Avropa Olimpiya Komitəsi və Beynəlxalq Olimpiya Federasiyası ilə məhsuldar və güclü əməkdaşlığımızdan məmnunuq və mən həqiqətən də inanıram ki, Bakıda keçirilən oyunlarda olimpiya oyunlarının ədalətlilik, dostluq və həmrəylik dəyərlərinə riayət olunacaqdır”.