Xəbərlər
Parisdə muğamın YUNESKO-nun “Bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə Reprezentativ Siyahısı”na daxil edilməsinin 10 illiyi qeyd edilib
Parisdə YUNESKO-nun baş qərargahında Azərbaycan muğam ifaçılığının qurumun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsinin 10 illiyi münasibəti ilə qəbul və konsert keçirilib.
YUNESKO yanında daimi nümayəndəliyimizin təşkilatçılığı, Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Milli Komissiyanın dəstəyi ilə keçirilən tədbiri giriş sözü ilə qurum yanındakı daimi nümayəndəliyimizin rəhbəri, səfir Anar Kərimov açaraq muğam ifaçılığı, onun musiqi dünyasında və azərbaycanlıların həyatındakı yeri haqqında ətraflı məlumat verib.
Bildirib ki, mədəni dəyər və milli kimliyimizin əsası kimi muğam xalqımız tərəfindən yüksək qiymətləndirilir. Yetmiş il sərt nəzarət altında olan muğam Azərbaycanın Birinci vitse-prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü ilə yenidən dirçələrək beynəlxalq aləmdə öz yerini tutub. A. Kərimov muğam sənətinin dərin köklərdən, tarixi sınaqlardan uğurla keçərək müasir dövrdə tamamilə yeni bir səviyyəyə qalxmasının və Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsinin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın danılmaz əməyinin nəticəsi olduğunu vurğulayıb. Ölkəmizin YUNESKO layihələrinə töhfələrindən söz açıb.
A.Kərimov Azərbaycanın təşkilatın Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinə namizədliyinə toxunaraq, ölkəmizin 2003-cü il Konvensiyasını ratifikasiya edəndən sonra qurumun fəal üzvünə çevrildiyini, ölkəmizdə mədəni irsin qorunması istiqamətində bir çox milli qanunvericilik aktları qəbul edildiyini və bu sahədə bir çox layihələr həyata keçirildiyini diqqətə çatdırıb.
Ölkəmizin qurumla əməkdaşlığı böyük önəm verməsindən, maddi və qeyri-maddi mədəni irsin müdafiəsi və qorunub saxlanması sahəsinə verdiyi töhfələrdən danışıb.
YUNESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının baş katibi, xüsusi tapşırıqlar üzrə səfir Elnur Sultanov muğamın milli və beynəlxalq səviyyədə təşviqində Azərbaycanın Birinci vitse–prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nın xoşməramlı səfiri Mehriban Əliyevanın böyük rolu olduğunu bildirərək, onun Azərbaycan və YUNESKO arasında ikitərəfli əlaqələrin inkişafına böyük töhfələr verdiyini diqqətə çatdırıb.
E. Sultanov Şimal və Cənub, Şərq və Qərb arasında siyasi, ticari və mədəni körpü olan ölkəmizin mədəniyyətlər və dinlər arasında dialoq mərkəzinə çevrildiyini vurğulayıb. Bildirib ki, Azərbaycanda müxtəlif din və mədəniyyətlərin nümayəndələri arasında qarşılıqlı anlaşmanın təşviqi üçün beynəlxalq platforma mövcuddur. 2010 – 2014-cü illərdə Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinə üzvlüyü dövründə ölkəmizin qurumun fəal və etibarlı tərəfdaş olduğunu xatırladaraq, yenidən seçildiyi təqdirdə daha dinamik olacağını vurğulayıb. Ölkəmizin mədəni irsin müdafiəsi, eləcə də xalqlar və mədəniyyətlərarası dialoq sahəsində etibarlı qlobal tərəfdaş olduğunu qeyd edib. Bildirib ki, sözü gedən Komitəyə üzv seçilməsi zəngin təcrübəmizi digər üzvlərlə bölüşmək və onlarla tərəfdaşlıq və əməkdaşlıq ruhunda işləmək imkanı yaradacaq.
E.Sultanov YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinə Azərbaycanın namizədliyini dəstəkləməyə, qlobal qeyri-maddi mədəni irsin müdafiəsi kimi nəcib vəzifəyə birgə səylərlə töhfə verməyə səsləyib.
Sonra “Mugham Souls” qrupunun üzvləri Elnur Mikayılov (kamança), Kamran Kərimov (Nağara), Ələsgər Məmmədov (tar), Vasif Hüseynzadə (piano), Şirzad Fətəliyev (balaban), Yusif Əzizov (bass nağara) müşayiəti ilə Qoçaq Əsgərov və Pyer Treqomen “Sarı gəlin”, “Rast”, “Şur”, “Bayatı-Şiraz”, “Bayatı Kürd” kimi muğamları ifa ediblər. Musiqiçilərin ifası alqışlarla qarşılanıb.
Mədəniyyət Nazirliyinin YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinə ölkəmizin namizədliyinə dair nəşri, “İRS” jurnalının YUNESKO-nun maddi və qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş Azərbaycan mədəni irs nümunələrinə həsr edilmiş xüsusi nömrəsi tədbir iştirakçılarına hədiyyə edilib.
Sonra tədbir iştirakçıları milli mətbəximizin təamlarına qonaq ediliblər.