Xəbərlər
Yeni Azərbaycan Partiyasında bələdiyyə seçkilərinə hazırlıq məsələləri müzakirə edilib
Bu gün Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında partiyanın rayon və şəhər təşkilatları üzrə seçki qərargahı üzvlərinə treninqlərin keçirilməsi ilə bağlı müşavirə keçirilib. Müşavirədə 2014-cü ilin dekabr ayında Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərinə hazırlıq məsələləri müzakirə edilib.
YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov bildirib ki, partiya seçkilərə hazırlıq məsələlərini xüsusi diqqət mərkəzində saxlayır. Onun sözlərinə görə, YAP İdarə Heyətinin müvafiq qərarına əsasən seçkilərlə əlaqədar tədbirlər planı müəyyənləşib.
YAP-ın böyük seçki təcrübəsinin olduğunu deyən S.Novruzov qeyd edib ki, bununla belə bu istiqamətdə daim müasir seçki texnologiyaları öyrənilir və istifadə olunur. Eyni zamanda, seçki orqanlarında çalışan partiya üzvlərinə və bu prosesdə fəallıq göstərən üzvlərə öz seçki biliklərini artırmaq məqsədi treninqlər keçirilir.
«Qarşıdan gələn bələdiyyə seçkiləri ilə əlaqədar da treninqlərin keçirilməsini nəzərdə tuturuq. Biz ötən seçkilərdə də bu praktikadan istifadə etmişik və müsbət nəticələrini də həmişə hiss edirik. Çünki partiyamızın fəalları bu treniqlər vasitəsilə seçki biliklərini və təcrübələrini daha da artırırlar. Biz həmişə çalışırıq ki, qanunvericiliyə uyğun olaraq seçki kampaniyasına rəsmi start verildikdən sonra bütün prosedur qaydalarına əməl edək. Namizədlərin irəli sürülməsi, onların xeyrinə imzaların toplanması, seçki komissiyalarında məşvərətçi səs hüquqlu üzvlərin və müşahidəsilərin müəyyənləşməsi, təbliğat qruplarının yaradılması və s. məsələlər qarşımızda dayanan vəzifələrdir. Biz çalışmalıyıq ki, bu vəzifələrin öhdəsindən layiqincə gələk. Ona görə də, seçkilərə rəsmi start verilənə qədər üzərimizə düşən vəzifələri yerinə yetirməliyik. Daha sonra isə seçki dövründə qanunvericiliyə uyğun olaraq bütün addımlar atılacaq. Artıq tədbirlər planına uyğun olaraq rayonlarda seçki qərargahlarımız yaradılıb»- deyə, YAP İcra katibinin mavini vurğulayıb.
Toplantıda seçkilərlə bağlı geniş fikir mübadiləsi aparılıb, təklif və tövsiyələr dinlənilib.