YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev cəbhəboyu zonada bəzi təhlükəsizlik tədbirləri ilə bağlı Sərəncam imzalayıb

Prezident İlham Əliyev sentyabrın 24-də “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında” Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttinə bitişik ərazilərdə (cəbhəboyu zona) təhlükəsizlik tədbirlərini gücləndirmək, milli təhlükəsizlik və müdafiə mülahizələrinə görə xüsusi əhəmiyyət kəsb edən obyektlərin dislokasiyası, təyinatı, silahlı birləşmələrin strateji, operativ və səfərbərlik üzrə yerləşdirilməsi, hərbi hissələrin təşkilati strukturu, şəxsi heyətinin sayı barədə məlumatların, eləcə də “Dövlət sirri haqqında” Qanuna görə hərbi sahəyə aid dövlət sirri təşkil edən digər məlumatların KİV-lərdə və internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə yayılmasının qarşısını almaq məqsədilə “Müdafiə məsələləri üzrə əlaqələndirmə şuralarının yaradılması və hərbi birliklərə, hissələrə hamilik haqqında” Azərbaycan Prezidentinin 1998-ci il 9 yanvar tarixli Fərmanına uyğun olaraq yaradılan müvafiq şuralara cəbhəboyu zonada müdafiənin möhkəmləndirilməsi, habelə əhalinin ayıq-sayıqlığının artırılması məqsədilə həmin zonada yerləşən yaşayış məntəqələrində yerli əhali arasından könüllülərdən ibarət patrul dəstələrinin formalaşdırılması üçün zəruri tədbirlər görmək tapşırılıb.

Həmçinin Nazirlər Kabinetinə tapşırılıb ki, 1994-cü ildə qəbul olunmuş “Hərbi vəziyyət haqqında” Qanunun (o cümlədən cəbhəboyu zonada hərbi hissələrin yerləşdiyi ərazilərdə rejimin xüsusiyyətlərini nəzərdə tutan) yeni redaksiyasını üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin. Sərəncama əsasən, Nazirlər Kabineti “Dövlət sirri haqqında” Qanuna uyğun olaraq dövlət sirri təşkil edən məlumatların yayılmasına görə məsuliyyətin gücləndirilməsinə dair təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, jurnalistlərin cəbhəboyu zonada akkreditasiyası və cəbhəboyu zonaya xidməti ezamiyyətlərinin Müdafiə Nazirliyi ilə razılaşdırılması qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etməlidir.

Bundan başqa, Prezident Administrasiyasına cəbhəboyu zonada yerləşən yaşayış məntəqələrinin sakinləri arasında qoşunların dislokasiyası, hərbi-siyasi və əməliyyat şəraiti, hərbi sahədə Azərbaycan Respublikasının milli təhlükəsizliyinə xələl gətirə bilən digər məlumatların yayılmasının yolverilməzliyi barədə izahat işinin və mərkəzi icra hakimiyyəti orqanları ilə birlikdə həmin orqanların mətbuat xidmətləri tərəfindən hərbi-siyasi və əməliyyat şəraitinə dair məlumatların yayılması üçün internet informasiya ehtiyatlarının, o cümlədən sosial şəbəkələrin imkanlarından daha səmərəli istifadə olunmasını, bu məqsədlə mətbuat xidmətlərinin işçiləri üçün müvafiq təkmilləşdirmə kurslarının təşkilini təmin etmək tapşırılıb.

Müdafiə Nazirliyinə tapşırılıb ki, cəbhəboyu zonadakı vəziyyət barədə məlumatların əhaliyə çatdırılması ilə bağlı nazirliyin mətbuat xidmətinin fəaliyyətinin çevikliyini artırmaq üçün tədbirlər görsün, KİV-lərdə və internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə cəbhəboyu zonadakı vəziyyətlə bağlı verilən məlumatların mütəmadi monitorinqini təmin etsin və “Dövlət sirri haqqında” Qanuna görə dövlət sirri təşkil edən məlumatları yayan şəxsləri müəyyənləşdirib onların qanunla müəyyən edilmiş məsuliyyətə cəlb olunmasını təşkil etsin.

Sərəncamda, həmçinin Azərbaycan Mətbuat Şurasına hərbi sahədə Azərbaycan Respublikasının milli təhlükəsizliyinə xələl gətirə bilən məlumatların KİV-lərdə və internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə yayılmasının qarşısının alınması məqsədilə kütləvi informasiya vasitələri və əhali arasında təbliğat-izahat işini təşkil etmək tövsiyə olunub.

 

DİGƏR Xəbərlər Arxiv