Xəbərlər
Tərlan Qasımov: Müşahidəçilərin seçki prosesini izləməsi üçün bütün şərait yaradılıb
Əminik ki, Azərbaycanda seçkilər demokratik prinsiplər əsasında keçiriləcək. Ölkənin bu sahədəki təcrübəsi bizə belə düşünməyə əsas verir. Bu fikirləri “Arxangelsk vilayətində Azərbaycan diasporu” təşkilatı idarə heyətinin sədri Tərlan Qasımov bildirib.
“Bu gün Azərbaycan Cənubi Qafqazın ən inkişaf etmiş dövlətidir, həmçinin Rusiyanın ən güclü strateji tərəfdaşlarındandır”,- deyən Tərlan Qasımov bildirib ki, bu illər ərzində Azərbaycan ilə Rusiyanın Arxanqelsk vilayəti arasında da çox müsbət əməkdaşlıq mühiti formalaşıb.
O qeyd edib ki, Azərbaycanda demokratik cəmiyyət quruculuğu istiqamətində böyük işlər görülüb.
“Seçki qanunvericiliyi təkmilləşdirilib. Seçki prosesində ən yüksək texnologiyaların imkanlarından istifadə edilir. Həmçinin yerli və xarici müşahidəçilərin seçki prosesini izləməsi üçün bütün şərait yaradılıb. Bütün bunlar deməyə əsas verir ki, aprelin 11-də şəffaf, azad və demokratik seçkilər keçiriləcək”, - deyə Tərlan Qasımov vurğulayıb.