Xəbərlər
İmişlinin Cəfərli və Ağaməmmədli kəndlərində seçicilərlə görüş keçirilib
Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahı İmişli rayon şöbəsinin üzvləri aprelin 4-də rayonun Cəfərli və Ağaməmmədli kəndlərində seçicilərlə görüş keçiriblər.
Çoxsaylı seçicilərin iştirak etdiyi görüşlərdə YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev çıxış edərək bildirib ki, son 15 ildə Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu inkişaf siyasəti ölkəmizdə vətəndaş məmnunluğu yaradıb. Çünki əhalinin rifah halı daha da yaxşılaşıb, ölkəmizin tərəqqisi insanların həyatında müsbət dəyişikliklərin meydana çıxmasına səbəb olub. Azərbaycanın dayanıqlı inkişafının mütəmadi xarakter daşıması insanların gələcəyə inamla baxmasına əsas yaradıb. Bütün bunlar cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin alternativsiz olduğunu göstərir. Azərbaycan xalqı seçkilər vasitəsilə öz iradəsini ifadə edəcək və növbəti dəfə cənab İlham Əliyevə etimad göstərəcək.
Görüşlərdə çıxış edən YAP rayon təşkilatının aparat rəhbəri İlham Əsgərov bildirib ki, Azərbaycan dövlətinin və xalqının bundan sonrakı inkişafı üçün YAP-ın Sədri cənab İlham Əliyevin yenidən Prezident seçilməsi zəruridir: «Tam əminliklə deyə bilərəm ki, imişlilər bu seçkidə də fəal olacaqlar və böyük səs çoxluğu ilə YAP-ın namizədi cənab İlham Əliyevi dəstəkləyəcəklər. Ona görə ki, cənab İlham Əliyev son 15 ildə həyata keçirdiyi müdrik daxili və xarici siyasəti ilə, eyni zamanda, qətiyyəti və ləyaqətli siyasi addımları ilə sübut edib ki, məhz onun ölkəmizə rəhbərliyi dövlətimizə və ölkəmizə ancaq inkişaf, nüfuz qazandırıb.»
Görüşlərdə çıxış edən təbliğat-təşviqat qrupunun üzvü Həsən Hüseynov bildirib ki, Azərbaycan xalqı qədirbilən və müdrik xalqdır. Ona görə də onlar son 15 ildə ölkəmizdə böyük inkişaflara nail olan Prezident İlham Əliyevə yenidən etimad göstərəcəklər. Bu, bizim hər birimizə sosial rifah halımızın daha da yaxşılaşması üçün lazımdır.
Tədbirlərdə çıxış edən kənd ağsaqqalları və ziyalılar seçiciləri YAP-ın namizədinə səs verməyə çağırıblar. Digər çıxış edən seçicilər də birmənalı olaraq YAP-ın namizədinə səs verəcəklərini bildiriblər.