Xəbərlər
Azərbaycanda 2 milyon tondan çox dənli bitki istehsal olunub
Azərbaycanda yanvar-avqust aylarında kənd təsərrüfatı məhsullarının istehsal həcmi faktiki qiymətlərlə 3 622,2 milyon manat təşkil edib və keçən ilin eyni dövrünə nisbətən 3,7 faiz azalıb.
Hesabata əsasən, qeyd edilən dövrdə heyvandarlıq sahəsində məhsul istehsalı 2,8 faiz artıb, bitkiçilik məhsulları isə 9,2 faiz azalıb.
2014-cü il sentyabrın 1-nə Azərbaycanda əkin sahələrinin ciddi uçotu aparılıb. Ölkənin əkin sahələrinin ümumi sahəsi 1144,5 min hektar təşkil edib. Ümumi əkin sahələrindən 967,2 min hektarı (və ya 96,7 faiz) dənli və paxlalı bitkilərin, 1,1 min hektarı tütünün, 22,9 min hektarı pambığın, 48,6 min hektarı (78,7 faiz) kartofun, 68,3 min hektarı (89,9 faiz) tərəvəzin, 27,3 min hektarı (97,5 faiz) bostan bitkilərinin, 9,1 min hektarı (78,2 faiz) isə yemlik günəbaxanın payına düşüb.
Cari il avqustun 1-nə olan vəziyyətə görə Azərbaycanda məhsul yığımı davam edir.
Hesabat dövründə ölkədə 2 177 min ton dənli bitki (qarğıdalı istisna olmaqla) istehsal olunub. Hər hektardan orta hesabla 22,8 sentner dənli bitki yığılıb. Toplanan qarğıdalı nəzərə alınmaqla 2014-cü ilin yanvar-avqust aylarında dənli bitki istehsalı 2238,3 min ton olub.
Hesabat dövründə təsərrüfatlarda 980,6 min ton tərəvəz məhsulu, 651,9 min ton kartof, 410,4 min ton bostan məhsulu, 343,5 min ton meyvə və giləmeyvə, 37,1 min ton üzüm, 316,7 ton çay yarpağı, 17 min ton yemlik günəbaxan və 1,9 min ton tütün yarpağı istehsal olunub.
Ötən ilin analoji dövrü ilə müqayisədə üzüm istehsalı 16,3 faiz, yemlik günəbaxan 7,5 faiz, bostan bitkiləri 3,1 faiz, meyvə və giləmeyvə 0,9 faiz artıb, çay yarpağı istehsalı 20,7 faiz, tütün 14,6 faiz, kartof 11,5 faiz və tərəvəz məhsulları 0,8 faiz azalıb.
Hesabat dövründə respublikada 294,9 min ton diri çəkidə ət, 1 249 min ton süd, 1 017,9 milyon ədəd yumurta, 15,7 ton yun istehsal edilib.
2013-cü ilin yanvar-avqust ayları ilə müqayisədə ölkədə ət istehsalı 1,5 faiz, süd 3,2 faiz, toyuq yumurtası 11,3 faiz, yun isə 2,2 faiz artıb.