Xəbərlər
Xalq öz lideri cənab İlham Əliyevi yenidən Prezident seçəcək
Siyəzən rayonunun Məşrif, Zarat və Həmyə kəndlərində YAP-ın prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşlər keçirilib.
Yeni Azərbaycan Partiyası Siyəzən rayon təşkilatı YAP-ın prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun Məşrif, Zarat və Həmyə kəndlərində seçicilərlə görüşlər keçirib.
Tədbiri giriş sözü ilə açan YAP Siyəzən rayon təşkilatının sədri Etibar Heydərov Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycanın inkişafı yolunda əmin addımlarla irəlilədiyini diqqətə çatdırıb: “Azərbaycanın bütün sahələrdə çoxsaylı uğurlar əldə etməsini təmin edən amil cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasətidir. Bu siyasətin davamlı olması və ölkəmizin yeni nailiyyətlər əldə etməsi üçün yenə də cənab İlham Əliyevə səs verməliyik. Siyəzən ictimaiyyəti hər zaman Prezident İlham Əliyevi dəstəkləyib və aprelin 11-də bir daha bu mövqeyimizi nümayiş etdirəcəyik”.
Milli Məclisin deputatı Hikmət Babaoğlu 700 mindən çox üzvü olan Yeni Azərbaycan Partiyasının ümumxalq partiyası olduğunu və partiyanın Sədri cənab İlham Əliyevin Azərbaycan xalqının namizədi olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycan çoxsaylı nailiyyətlər əldə edib, ölkəmizin dayanıqlı inkişafı təmin edilib, beynəlxalq mövqeyi daha da möhkəmlənib: “Azərbaycan son 15 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin fonunda böyük inkişaf yolu keçib. Bu hərtərəfli inkişaf bütün sahələri əhatə etməklə yanaşı, Azərbaycanın iqtisadi qüdrətinin artmasını təmin edib”.
Milli Məclisin deputatı Tahir Süleymanov qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasətin nəticəsi kimi, ötən illər ərzində ölkəmizin valyuta ehtiyatları artıb, müxtəlif sahələri əhatə edən layihələr uğurla reallaşdırılıb, islahatlar davam etdirilib.
Daha sonra çıxış edən seçicilər aprelin 11-də Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.