Xəbərlər
Azərbaycanın tərəqqisi və inkişafı üçün «İlhamla irəli»
Kürdəmirdə Yeni Azərbaycan Partiyasının Prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat –təşviqat kampaniyası çərçivəsində möhtəşəm mitinq keçirilib.
Tədbirdə YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, Milli Məclisin komitə sədri Ziyad Səmədzadə, Milli Məclisin deputatı Elman Nəsirov, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, şairə-jurnalist Zenfira Zərbalıyeva, Azərbaycanın Milli Qəhrəmanı Zabit Quliyev iştirak ediblər.
Mitinqi giriş sözü ilə YAP Mərkəzi Seçki Qərargahı Kürdəmir rayon şöbəsinin və partiyanın rayon təşkilatının sədri Ağali Kərimli açaraq bildirib ki, qarşıdan gələn 11 aprel prezident seçkiləri xalqımız üçün əsl bayram əhval-ruhiyyəsi yaradır: «Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə genişmiqyaslı quruculuq işləri, infrasturuktur layihələri reallaşdırılır. Bütün görülən işlərin bundan sonra da davam etdirilməsi üçün sizləri 11 aprel 2018-ci il tarixdə keçiriləcək prezident seçkilərində seçki məntəqələrinə gələrək Yeni Azərbaycan Partiyasının namizədi, ulu öndər Heydər Əliyevin layiqli davamçısı, növbəti 7 ilimizin qarantı İlham Heydər oğlu Əliyevə səs verməyə çağırıram, Azərbaycanımızın daha da güclənməsinə səs verməyə çağırıram.»
YAP Mərkəzi Seçki Qərargahının təbliğat qrupunun üzvləri çıxış edərək bildiriblər ki, biz şərəfli bir yolla, inamla, qürurla, iftixarla irəliləyirik. İllərdir bu yol bizi qələbələrə, yeni uğurlara, yeni nailiyyətlərə aparır.
Natiqlər cənab İlham Əliyevin prezident seçkilərində ən real namizəd olduğunu bildiriblər. Onların sözlərinə görə, dövlət başçısı ötən müddət ərzində xalq qarşısında bütün vədlərə layiqincə əməl edib: «Cənab İlham Əliyevin platformasında elə bir bənd yoxdur ki, yerinə yetirilməmiş qalsın. Bu isə məhz düşünülmüş siyasətin nəticəsidir ki, ölkəmizdə iqtisadi inkişaf sürətli və davamlıdır. Bu siyasətin davamlı olması üçün yenə də cənab İlham Əliyevə səs verməliyik. Biz əminik ki, bu nailiyyətlər silsiləsində növbəti mərhələ qarşıdan gələn Prezident seçkiləridir. Kürdəmir seçiciləri aprelin 11-də əminliklə cənab İlham Əliyevə səs verməklə, dəstəkləməklə bir daha işıqlı aydın gələcəyə, sabitliyə, əmin-amanlığa, dinamik inkişafa səs vermiş olcaqlar.»
Mitinq-konsert seçicilərin yüksək əhval-ruhiyyəsi və Yeni Azərbaycan Partiyasının Prezidentliyə namizədi cənab İlham Heydər oğlu Əliyevin qələbəsinə çağıran şüarlar, plakatlar və çağırışlarla müşayiət olunub.
Mitinq-konsertdə respublikanın tanınmış incəsənət xadimləri seçicilər qarşısında geniş konsert proqramı ilə çıxış ediblər.