YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nizami rayon ağsaqqalları və veteranları cənab İlham Əliyevi dəstəkləyir

Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının şəhər və rayon şöbələri prezident seçkisi ilə bağlı təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirirlər. Partiyanın Sədri, Azərbaycan Respublikası Prezidentliyinə namizəd İlham Əliyevin seçki kampaniyası çərçivəsində növbəti görüş Nizami rayon ağsaqqalları və veteranları ilə keçirilib.

Tədbirdə cənab İlham Əliyevin fəaliyyətinə dair YAP Nizami rayon təşkilatının hazırladığı video-çarx nümayiş etdirilib.

Sonra çıxış edən YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva bildirib ki, ağsaqqallar və veteranlar ölkənin ictimai-siyasi həyatında yaxından iştirak edir. Gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə edən, onlara yol göstərən ağsaqqallardır: “Ümummilli lider Heydər Əliyev ağsaqqallara və veteranlara xüsusi ehtiramla yanaşır, onlara güvənirdi. Azərbaycan ağsaqqalları və veteranları ölkəmizdə ictimai-siyasi sabitliyin bərqərar olunmasında böyük rol oynayıblar. Bu gün də ölkəmizin həyatında ağsaqqalların və veteranların mühüm rolu var. Onlar Azərbaycanın ictimai-siyasi, elmi, mədəni həyatında fəal iştirak edirlər. Əminəm ki, ağsaqqallar və veteranlar bundan sonra da ölkəmizin ictimai-siyasi həyatında fəaliyyətlərini uğurla davam etdirəcək, 11 aprel prezident seçkilərində də fəal olacaqlar”.

Çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov ağsaqqaların dövlət başçısı İlham Əliyevin namizədliyini dəstəklədiyini vurğulayıb: "Heydər Əliyev yolunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, Azərbaycan inkişaf edir, ölkədə sabitlik mövcuddur. Prezident İlham Əliyev hələ uzun müddət bu uğurlu yolu davam etdirəcək. Azərbaycanın dünya arenasında nüfuzunun daha da artırılması üçün böyük, yorulmaz dövlət xadimi lazımdır və cənab İlham Əliyev də məhz belə şəxsiyyətdir. Azərbaycan Ağsaqqallar Şurası olaraq xalqımızı və Nizami rayon sakinlərini bir daha prezident seçkilərində cənab İlham Əliyevi dəstəkləməyə dəvət edirik".

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov çıxış edərək söyləyib ki, Azərbaycanı düşünən, sevən hər bir insan bilir ki, bu gün Prezident İlham Əliyevin apardığı siyasət Heydər Əliyev siyasətinin davamıdır: “Əgər istəyiriksə ki, balalarımız, nəvələrimiz firavan, stabil bir ölkədə yaşasın, qan-qadadan uzaq olsun, hər kəs cənab İlham Əliyevin namizədliyini dəstəkləməlidir. Cənab İlham Əliyevin gördüyü işlər göz qabağındadır. Ona görə də, prezident seçkilərində cənab İlham Əliyevin alternativi yoxdur. Biz cənab İlham Əliyevə səs verməklə Azərbaycanın firavanlığına, stabilliyinə səs verəcəyik".

Tədbirdə çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının Nizami rayon şöbəsinin sədri Mayıl Əliyev, Respublika Veteranlar Təşkilatının Nizami rayon şöbəsinin sədri Yəhya Ağayev, gənclər adından Nicat Dağlar və başqaları çıxış edərək son illərdə Azərbaycanın dünyada sürətli inkişaf edən dövlətə çevrildiyini, dövlət başçısının həyata keçirdiyi tədbirlər sayəsində bütün sahələrdə uğurlar qazanıldığını vurğulayıblar.

Qeyd edilib ki, bu gün Azərbaycanda ağsaqqalların və veteranların ictimai-siyasi fəallığının təmin edilməsi üçün hər cür şərait yaradılıb. Xüsusən gənc nəslin tərbiyəsində onların rolu yüksək qiymətləndirilir. Bildirilib ki, ağsaqqallar və veteranlar qarşıdan gələn prezident seçkilərində ölkəmizin dinamik inkişafını təmin edən ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Azərbaycana beynəlxalq aləmdə böyük nüfuz qazandıran cənab İlham Əliyevin namizədliyini dəstəkləyir, cəmiyyətimizin bütün üzvlərini onun ətrafında sıx birləşməyə çağırırlar.