YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nərimanov rayonunda seçicilərlə növbəti görüş keçirilib

11 aprel 2018-ci ildə ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar təbliğat-təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatında rayon sakinləri ilə növbəti görüş keçirilib. Görüşdə YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev, Milli Məclisin deputatı, «Yeni Azərbaycan» qəzetinin baş redaktoru  Hikmət Babaoğlu, YAP Nərimanov rayon Qadınlar Şurasının sədri Məhəbbət İbrahimova və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbiri YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev açaraq, Yeni Azərbaycan Partiyasının namizədi, dövlətimizin başçısı İlham Əliyevin həyata keçirdiyi ardıcıl və sistemli islahatlar, uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizin son illərdə istər regionda istərsə də bütün dünyada qazandığı uğurlardan bəhs edib. T.Tağıyev bildirib ki, müasir dövlətimiz məhz bu siyasət nəticəsində inkişaf edir. O, Nərimanov rayon seçiclərini Heydər Əliyev siyasətinin davamı naminə 11 aprel seçkilərində sənab İlham Əliyevə səs verməyə çağırıb.

 

Daha sonra Azərbaycan Kooperasiya Universitetinin dekanı, professor Vilayət Əliyev, Bakı Humanitar Kollecinin direktor müavini Rasim Rzaxanov çıxış edərək, hər zaman olduğu kimi bu seçki prosesində də fəal iştirak edəcəklərini və YAP tərəfindən irəli sürülmüş namizədi dəstəklədiklərini vurğulayıblar. 

YAP Nərimanov rayon təşkilatı Qadınlar Şurasının sədri Məhəbbət İbrahimova çıxış edərək bildirib ki, Azərbaycan qadını özünü heç vaxt ölkəmizdəki inkişaf proseslərindən kənarda hiss etməyib. Onun sözlərinə görə, qadınların hüquqlarının qorunması, onların sosial vəziyyətinin yaxşılaşdırılması dövlətin əsas prioritetlərindən biridir. M. İbrahimova qeyd edib ki, qadınlar bu il ölkədə keçiriləcək prezident seçkilərində yaxından iştirak edərək xalqın namizədi olan cənab İlham Əliyevə səs verəcəklər.

Milli Məclisin deputatı, «Yeni Azərbaycan» qəzetinin baş redaktoru  Hikmət Babaoğlu çıxış edərək bildirib ki, YAP ümumxalq partiyasıdır və cənab İlham Əliyev 700 mindən çox üzvü olan bir partiyanın namizədidir. «Bu isə əslində Azərbaycan xalqı deməkdir»- deyən,  Hikmət  Babaoğlu söyləyib ki, Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyev hər bir bir Azərbaycan vətəndaşının rifahı, onun inkişafı, gələcəyi üçün uğurlu siyasət həyata keçirir. «Hər şeydən öncə cənab Prezident Azərbaycanda ictimai-siyasi sabitlik təmin edib, ölkəmizin milli maraqlarını qoruya bilib, mürəkkəb tarixi bir mərhələdə ətrafımızda terror hadisələrinin, müharibələrin, xaosun baş verdiyi bir vəziyyətdə Azərbaycanı sabitlik adası kimi qoruyub saxlaya bilib. Eyni zamanda, ölkəmizi yüksək səviyyədə inkişaf etdirib və Azərbaycanda işsizliyin, yoxsulluğun səviyyəsi əhəmiyyətli dərəcədə azalıb. Həmçinin, son 15 ildə Azərbaycanın regionları dinamik inkişaf edib, dövlətimiz region və  dünya ölkələri sırasında çox mühüm bir tərəfdaşa çevrilib. Buna paralel olaraq cənab Prezident Azərbaycan Ordusunu da  gücləndirib. Cənab İlham Əliyev  Ali Baş Komandan kimi 2016-cı ilin aprel döyüşlərinə imza atıb. Bununla da, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ciddi hərbi-siyasi dönüşə nail olub. Beləliklə, sadalayacağımız çoxsaylı bu kimi uğurlar əlbəttə ki, 11 aprel seçkilərində Azərbaycan xalqının seçimini müəyyənləşdirəcək və xalq öz alternativsiz lideri olan İlham Əliyevi yenidən Prezident seçəcək»- deyə, millət vəkili vurğulayıb.