YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Binəqədi rayon təşkilatında cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə növbəti görüş keçirildi

23 mart 2018-ci il tarixdə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasında cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə növbəti görüş keçirildi.

YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov seçiciləri salamladı və onları Novruz bayramı münasibətilə təbrik etdi. Prezident cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi son 14 ərzində əldə olunan uğurlardan və inkişafdan ətraflı bəhs etdi. Dövlət başçısının ümummilli lider Heydər Əliyev siyasətini uğurla, müasir tələblərə uyğun və yeni çalarlarla davam etdirdiyini bildirdi.

Milli Məclisin deputatı Kamaləddin Qafarov çıxışında qeyd etdi ki, ölkəmizdə müxtəlif sahələr üzrə əldə olunan nailiyyətlər, xalq-iqtidar birliyi onu deməyə əsas verir ki, cənab İlham Əliyev alternativsiz liderdir. Cənab Prezidentin siyasi nüfuzu, yüksək qətiyyəti, ardıcıl və məqsədyönlü siyasi strategiyası ilə rəqabət aparmaq qeyri-mümkündür. Çünki cənab İlham Əliyev həyata keçirdiyi beynəlxalq layihələr, gördüyü işlərlə bütün dünya birliyi tərəfindən qəbul edilir, sayılıb-seçilir. Kamaləddin Qafarov bütün seçiciləri bu ilin 11 aprel tarixində keçiriləcək Prezident seçkilərində iştirak etməyə, cənab İlham Əliyevi dəstəkləməyə və səs verməyə çağırdı.

YAP Binəqədi rayon təşkilatının sədr müavini Tünzalə Zeynalova çıxışında ölkəmizdə həyata keçirilən uğurlu təhsil və səhiyyə islahatlarından danışdı. Cənab İlham Əliyevin “Bir ölkənin inkişafı onun təhsil göstərdiyi diqqətindən asılıdır” tezisli çıxışlarına toxunaraq təhsilin bir dövlətin və xalqın inkişafındakı misilsiz əhəmiyyətindən söhbət açdı. Bildirdi ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə təhsilin inkişafı istiqamətində reallaşdırılan uğurlu layihələrin sayı və miqyası günbəgün daha da artır.

Gənc seçicilərdən Famil Qurbanov, Elvin Əjdərli və başqaları çıxış edərək ölkəmizdə gənclərə yaradılan yüksək şəraitdən, diqqət və qayğıdan bəhs etdilər, cənab İlham Əliyevi dəstəklədiklərini bilirdilər. Bütün gəncləri və seçiciləri dövlət başçısnın ətrafında sıx birləşərək ona səs verməyə dəvət etdilər.