YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Gəncə şəhər təşkilatında ilk dəfə səs verəcək gənclərlə görüş keçirilib

YAP Gəncə şəhər təşkilatında ilk dəfə səs verəcək gənclərlə görüş keçirilib.

“Ölkə Prezidenti cənab İlham Əliyevin uğurlu və düşünülmüş siyasətinin nəticəsində əldə edilən uğurlar onu deməyə əsas verir ki, Azərbaycan 2018-ci ildə də daha böyük uğurlara imza atacaq, öz sürətli inkişafını davam etdirəcək. Ötən illərdə olduğu kimi bu il də daha mühüm, qlobal layihələrin həqiqətə çevrilməsinin, diplomatik uğurlarımızın şahidi olacaq, möhtəşəm qələbələrdən söz açacağıq” - bunu YAP Gəncə şəhər təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev ilk dəfə səs verəcək gənclərlə keçirilən görüşdə deyib.

Millət vəkili respublikamızda bütün sahələr kimi, gənclərlə iş sahəsinə də dövlətimiz tərəfindən böyük qayğı göstərildiyinə diqqət çəkib, ölkə ilə yanaşı son 7-8 ildə özünün intibah dövrünü yaşayan Gəncə şəhərində də gənclərin hərtərəfli inkişafı, ictimai-siyasi fəallığının artırılması üçün əlverişli şərait yaradıldığını nəzərə çatdırıb. Azərbaycan Respublikasının növbəti prezident seçkiləri ərəfəsində olduğunu bildirən Naqif Həmzəyev ilk dəfə səs verəcək gəncləri bu tarixi prosesdə iştirakları münasibəti ilə təbrik edib, gəncləri həm ictimai –siyasi həyatda, həm də seçki kampaniyasında daha fəal olmağa, 11 apreldə bütün gəncləri seçki məntəqələrinə gələrək parlaq gələcəyə səs verməyə çağırıb.

AMEA-nın Gəncə Bölməsinin akademik katibi Fuad Əliyev prezident seçkilərinin ölkəmizin həyatında mühüm hadisə olduğunu diqqətə çatdırıb, seçkilərin azad, demokratik və şəffaf keçirilməsi üçün hər bir seçicinin, o cümlədən ilk dəfə səs verəcək gənclərin səsvermədə yüksək məsuliyyət nümayiş etdirməsinin zəruriliyini vurğulayıb.

Gəncə Dövlət Universitetinin prorektoru, millət vəkili Pərvin Kərimzadə gənclərin şəhərinin ictimai-siyasi həyatındakı fəal rolundan geniş bəhs edib. Vurğulayıb ki, Gəncə gəncləri əvvəlki seçki kampaniyalarında olduğu kimi, prezident seçkisində də öz fəallıqları ilə seçiləcək, seçkilərin yüksək səviyyədə keçməsinə öz töhfələrini verəcəklər.

Gəncə Dövlət Universitetinin baş müşaviri Asif Cavadov qeyd edib ki, prezident seçkisində hər kəsin fəal iştirak etməsi, səsvermə hüququndan yararlanması, dövlətin müstəqilliyinin möhkəmlənməsinə birbaşa dəstək deməkdir.

Gənclərdən Nərmin Əliyeva, Cavid Mustafayev Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətinin əsas istiqamətləri, gənclərə göstərilən diqqət və qayğıdan danışıb, aprelin 11-də keçiriləcək prezident seçkilərində fəal iştirak edəcəklərinə, Prezident cənab İlham Əliyevin uğurlu və uzaqgörən siyasətini böyük ruh yüksəkliyi ilə dəstəkləyəcəklərini bildiriblər.

Geniş diskussiya şəraitində keçən tədbirdə ilk dəfə səs verəcək gəncləri maraqlandıran suallar ətraflı cavablandırılıb.